BAKI, 8 noyabr. TELEQRAF
Azərbaycanın müasir tarixində yeni bir mərhələnin əsasını qoyan 44 günlük Vətən müharibəsində qazanılmış qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm hadisələrindəndir. Bu tarixi nailiyyətlər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu, ölkəmizin bütün ərazilərində konstitusiya quruluşunun təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edildi.
Bu sözləri Teleqraf-a açıqlamasında YAP Təftiş Komisiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, qazanılmış zəfər Azərbaycan xalqının milli iradəsinin, birliyinin və həmrəyliyinin, müzəffər ordumuzun qəhrəmanlığının, eləcə də Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin təntənəsidir:
“2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən mühüm hadisə olmaqla yanaşı, xalqımızın milli qürurunu və tarixi ədalətə inamını daha da gücləndirdi. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı isə Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələnərək ölkəmizin tarixində yeni səhifə açdı.
Bu gün Prezident İlham Əliyevin Xankəndidə Zəfər tağının önündən etdiyi müraciət bu tarixi Qələbənin siyasi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirdi. Vaxtilə separatizmin mərkəzi olmuş binanın Zəfər Muzeyinə çevrilməsi qərarı da xüsusi rəmzi məna daşıyır. Bu addım keçmişin unudulmaması, qəhrəmanlıq tariximizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Deputat bildirib ki, bu gün Azərbaycanın əsas prioritetlərindən biri azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıdışının təmin edilməsidir:
“Böyük Qayıdış Proqramı çərçivəsində yeni yaşayış məntəqələri salınır, yollar, hava limanları, məktəblər, xəstəxanalar və müasir infrastruktur obyektləri inşa edilir. Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlanması Azərbaycanın hərbi qələbəni iqtisadi və sosial inkişafla möhkəmləndirdiyini göstərir.
Azərbaycanın gələcək inkişafının əsas dayaqlarından biri də milli-mənəvi dəyərlərə, azərbaycançılıq məfkurəsinə və ümummilli həmrəyliyə əsaslanan dövlət siyasətidir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin siyasi, iqtisadi və hərbi qüdrətinin daha da möhkəmlənməsinə xidmət edir”.
Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycanın qazandığı tarixi zəfər yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də güclü, müstəqil və suveren dövlət quruculuğunun yeni mərhələsidir:
“Bu gün əsas məqsəd əldə edilmiş nailiyyətləri qorumaq, ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirmək, azad edilmiş ərazilərin davamlı inkişafını təmin etmək və gələcək nəsillərə qüdrətli Azərbaycan miras qoymaqdır. Zəfərimiz milli birliyimizin, dövlətçilik iradəmizin və azərbaycançılıq məfkurəsinin əbədi təntənəsidir”.