BAKI, 1 yanvar. TELEQRAF

Prezident İlham Əliyevin xalqa müraciəti ölkəmizin bu günü və gələcəyi ilə bağlı son dərəcə mühüm mesajlarla yadda qaldı. Dövlət başçımızın səsləndirdiyi faktlar və siyasi dəyərləndirmələr bir daha sübut etdi ki, Azərbaycan sabitlik, inkişaf və milli həmrəylik yolunda inamla irəliləyir.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Günay Ağamalı deyib.

O qeyd edib ki, Azərbaycan xalqı Zəfər tarixini qoruyur və gələcəyə daşıyır: "Şanlı Qələbəmizin beşinci ildönümünün bu qədər qürurla qeyd edilməsi təsadüfi deyil. Zəfər hərbi uğur olmaqla yanaşı, milli iradənin, dövlətçilik əzminin və xalq–ordu birliyinin parlaq təcəssümüdür.

Cənab Prezidentin müraciətində xüsusi vurğulanan ordu quruculuğu məsələləri onu deməyə əsas verir ki, Azərbaycan bu gün regionun ən güclü və müasir Silahlı Qüvvələrinə malikdir. Son beş ildə həyata keçirilən islahatlar, yeni silah və texnika ilə təchizat, Xüsusi Təyinatlı və Komando Qüvvələrinin gücləndirilməsi ölkəmizin təhlükəsizliyinin etibarlı təminatıdır. Eyni zamanda, bu siyasət Azərbaycanın heç bir aqressiv niyyət daşımadığını, lakin öz suverenliyini qorumaqda qətiyyətli olduğunu açıq şəkildə ortaya qoyur.
Dövlət başçımızın “biz yeni müharibəyə hazırlaşmırıq” mesajı Azərbaycanın sülhpərvər mövqeyinin növbəti təsdiqidir. Zəfər qazanmış ölkə kimi Ermənistanla sülhə əl uzadılması, münaqişənin beynəlxalq gündəlikdən silinməsi və Minsk qrupunun tarixə qovuşması Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasətinin nəticəsidir. Bu gün artıq dünya Azərbaycan həqiqətlərini qəbul edir və haqlı mövqeyimizi açıq şəkildə görür.
Xüsusilə qeyd etmək lazımdır ki, Qələbəmizin beynəlxalq müstəvidə təsdiqlənməsi, o cümlədən Amerikanın Ağ Evində bu tarixi nəticənin rəsmiləşdirilməsi Azərbaycan diplomatiyasının gücünü və dövlətimizin artan nüfuzunu nümayiş etdirir, 30 illik mübarizənin məntiqi və ədalətli sonluğudur.

Ölkə rəhbərimizin müraciəti o cümlədən, şəhidlərimizin ruhuna ehtiram çağırışıdır. Onların qəhrəmanlığı, xalqımızın birlik və fədakarlığı sayəsində əldə edilən Zəfər əbədi yaşayacaq. Azərbaycan xalqı bu Qələbə ilə hər zaman fəxr edəcək və onu gələcək nəsillərə milli qürur nümunəsi kimi ötürəcək".

Deputat bildirib ki, ölkə başçımızın müraciətdə iqtisadi inkişafla bağlı səsləndirdiyi rəqəmlər ölkəmizin maliyyə dayanıqlığını və iqtisadi müstəqilliyini aydın şəkildə nümayiş etdirir: "Prezidentin vurğuladığı kimi, “valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb – 80 milyard dollardan artıqdır”. Bu göstərici iqtisadi uğur, dövlətin strateji idarəetmə qabiliyyətinin, risklərə qarşı davamlılığının real ifadəsidir.

Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, Cənab Prezidentin dediyi kimi, “xarici borcumuz ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir”. Müasir dünyada bir çox inkişaf etmiş ölkələrdə bu göstəricinin 100 faizi keçdiyi bir şəraitdə Azərbaycanın belə aşağı borclanma səviyyəsi dövlətimizin maliyyə siyasətinin nə qədər düşünülmüş və məsuliyyətli aparıldığını təsdiqləyir.
Təsadüfi deyil ki, “valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir” və bu amil beynəlxalq maliyyə institutları və aparıcı reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilərək Azərbaycanın kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsi ilə nəticələnib.

Prezidentin müraciətində xüsusi yer alan digər mühüm mövzu “Böyük Qayıdış” Proqramıdır. Dövlət başçısının qeyd etdiyi kimi, işğaldan azad edilmiş ərazilərdə bu gün artıq genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, 70 minə yaxın insan həmin torpaqlarda yaşayır, çalışır və təhsil alır. Keçmiş məcburi köçkünlərin 32 kənd, qəsəbə və şəhərdə müasir standartlara uyğun şəraitdə yerləşdirilməsi dövlətin sosial məsuliyyətinin və insan mərkəzli siyasətinin bariz nümunəsidir.
Bu proses milli ruhun, tarixi ədalətin və sosial ədalətin bərpasıdır. Azərbaycan dövləti azad edilmiş torpaqlarda həyat, ümid və gələcək qurur.

Günay Ağamalı hesab edir ki, dövlət başçısının da ifadə etdiyi kimi, “harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir”: "Bu fikir dövlətimizin diaspor siyasətinin fəlsəfəsini açıq şəkildə ortaya qoyur. Azərbaycan dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün dayaq, güvənc və mənəvi məna daşıyır. Cənab Prezidentin vurğuladığı kimi, bizi ortaq tarix, dilimiz, köklərimiz və mədəniyyətimiz birləşdirir və hər bir azərbaycanlı bilməlidir ki, onun Ana Vətəni müstəqil Azərbaycandır.

Əminliklə demək olar ki, Möhtərəm Cənab Prezident İlham Əliyevin bu müraciəti yalnız ötən ilin yekunu deyil, həm də qarşıdakı dövr üçün strateji yol xəritəsidir. Dövlət başçısının qətiyyətli, ardıcıl və uzaqgörən siyasəti Azərbaycanın iqtisadi gücünü daha da artıracaq, milli həmrəyliyimizi möhkəmləndirəcək və ölkəmizi yeni uğurlara aparacaq.