LAÇIN, 20 iyun. TELEQRAF
Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Teleqraf-ın Laçına ezam olunan əməkdaşı xəbər verir ki, səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100 yaxın diplomat iştirak edir.
Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Diplomatların olduğu təyyarə Laçın Beynəlxalq Hava Limanına enib. Onları Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov qarşılayıb. M.Məmmədov qonaqları Laçın aeroportu barədə məlumatlandırıb.
Onlar daha sonra Laçın şəhərinə yola düşüblər.
Diplomatlar burada Laçın İstirahət Kompleksi, “Hoçazfilm” yaradıcılıq studiyası, "Yurd" qalereyası, "LaCinema" kino mərkəzi, Seyrəngah və "Gilabi Ceramics" mərkəzlərinə gedəcək, Həkəri çayının sahilinə baş çəkəcək, Laçında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olacaqlar.
Diplomatik korpusun nümayəndələri iyunun 21-i isə Şuşa və Ağdama gedəcəklər.