BAKI, 28 Mart. TELEQRAF

"Ermənistan növbəti dəfə hiyləgərliklə, manipuliyasiya ilə məşğuldur. Onlar konfliktin həllində maraqlı deyil. Sülh müqaviləsinin imzalanmasının uzanması da bu məqsədə xidmət edir".

Bu sözləri Teleqraf-a Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamalarını şərh edərkən deyib.

O, Qərbi azərbaycanlılarla Qarabağda yaşamış ermənilər arasında paralellik aparmağın məntiqsiz olduğunu bildirib: “Azərbaycanlılar tarixi ata baba-yurdları olan Qərbi Azərbaycanda min illiklər boyu yaşayıb. Üç yüz min azərbaycanlı məhz Ermənistan tərəfindən öz ata-baba ocaqlarından zorla deportasiya edilib. Qarabağdan gedən ermənilər isə könüllü şəkildə buranı tərk ediblər. Heç kim onlara təzyiq etməyib. Hətta medianın, televiziyaların gözü önündə onlara sual ünvanladıqda ki, niyə gedirsiz? “bizə rəhbərlikdən belə komanda verilib” – deyə cavab verirdilər. Ona görə də bu mövzular fərqli anlayışa aid olduğu üçün bunların müqayisəsi düzgün deyil”.

Vitse-spiker hesab edir ki, Ermənistan rəhbərliyi sülhdən danışsa da, Azərbaycana qarşı ərazi iddialarının olduğunu etiraf ediblər: “Paşinyanın “Qarabağı hərəkatını” dayandıra bilərik ritorikası bunun məntiqi izahıdır. O dünənə qədər real Ermənistandan, iddiaların onlara problemlər yaratmasından danışırdı. İndi isə yenidən Qarabağ mövzusu gündəmə gətirilir. Bu erməni xislətindən qaynaqlanan amillərdir və başqa izahı da yoxdur. İrəvan əslində Azərbaycanın sülhlə bağlı əsas tələblərindən boyun qaçırmaq üçün növbəti oyunlara əl atır”.

“Ermənistan konstitusiyasında və digər hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Eyni zamanda Ermənistan tərəfindən şərti sərhəddə Avropa İttifaqının “missiyası” adı altında üçüncü qüvvələr yerləşdirilib. Bunlar isə yekun sülh sazişini əngəlləyən əsas amillərdir”, - Ziyafət Əsgərov bildirib.