BAKI, 13 mart. TELEQRAF

“Beynəlxalq münasibətlər müdriklik, siyasi iradə və yəqin ki, düzgün seçimlər etmək üçün daha çox siyasi cəsarət tələb edir”.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının keçmiş prezidenti, “Reformist Hərəkatı” (Mouvement Réformateur) Partiyasının sədri Şarl Mişel martın 13-də Bakıda jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, bütün dünyada dəyişiklikləri müşahidə etmək mümkündür – iqlim dəyişikliyindən tutmuş bərabərliklə bağlı münaqişələrə qədər: “Həmçinin çoxtərəfli prinsiplərin təzyiq altında olduğunu da görmək mümkündür. Bir-birimizi dinləmək, danışmaq və birlikdə qərar verməyin ən yaxşı yollarını müəyyənləşdirmək üçün fürsətimiz olanda bu çox vacibdir. Hamımızın öz tariximiz, mədəni reallıqlarımız və ənənələrimiz var”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının keçmiş prezidenti XII Qlobal Bakı Forumda iştirak etmək üçün Azərbaycanda səfərdədir.

O, 2019-2024-cü illər aralığında Avropa İttifaqı Şurasının rəhbəri olub.