BAKI, 13 mart. TELEQRAF

"Ermənistan Baş naziri Nikol Paşinyan dünya və bölgədə yaranan durumu nəzərə almaq məcburiyyətindədir. Hər ikisi Ermənistanın xeyrinə deyil".

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra Kreml ətrafında yeni hədəflər seçəcək və Moskva qonşuluğunda siyasətindən narazı qaldığı müxtəlif ölkələrə təzyiqi artıracaq:

“Bu ölkələrdən biri Ermənistan ola bilər. Paşinyanın xarici və təhlükəsizlik siyasəti Kremli çoxdandır narahat edir, ancaq Ukrayna müharibəsi Moskvanın Ermənistanı ram etməsinə imkan vermirdi. Kreml üçün belə bir imkan yaxın zamanda yarana bilər. Ağ Evin Moskva ilə dialoqu da Paşinyanın narahatlığına səbəb olmaya bilməz.

Paşinyan Bayden administrasiyası ilə intensiv dialoq aparırdı. Bayden hakimiyyətinin son günlərində Vaşinqtonda Ermənistanla strateji tərəfdaşlığı hədəfləyən saziş imzalanmışdı. Ancaq Trampı Ermənistan maraqlandırmır. Paşinyan Azərbaycanla mübarizədə Qərbin dəstəyinə arxalanırdı. Bu dəstək azaldığına görə, Paşinyanın Azərbaycanla mübahisəli məsələləri həll etməkdən başqa alternativi qalmayıb”.

Elxan Şahinoğlu əlavə edib ki, Paşinyan Türkiyə ilə sərhədin açılması və diplomatik münasibətlərin qurulmasını da istəyir:

“Ancaq bunun da yolu İrəvanın Bakı ilə sülh sazişinin imzalanmasından keçir. Ankara bu mövqeyini dəfələrlə İrəvana çatdırıb.

Nə qədər ki Rusiya diqqətini Cənubi Qafqaza yönətlməyib, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyac var. Paşinyan sazişin imzalanması üçün son əngəli də aşmalıdır. Bu da Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasıdır. Doğrudur, Paşinyan yeni konstitusiyanın qəbulunun gərəkliyini bildirib. Ancaq o, bu məsələni gələn ilə, yəni Ermənistanda parlament seçkilərindən sonraya saxlayıb. Halbuki dünya və bölgədə hadisələr o qədər sürətlə dəyişir ki, konstitusiyanı dəyişmək üçün bir il də uzun müddətdir. İrəvan sülh sazişindəki bütün bəndləri Bakı ilə razılaşdırıbsa, konstitusiyada Azərbaycana aid bəndin həmin sənəddən çıxarılmasını da sürətləndirmək mümkündür.

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunda ölkəmizin Ermənistanla sülhdə maraqlı olduğunu bir daha təkrarlayıb: “Biz Cənubi Qafqazda sülh qurmalıyıq”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və Ermənistana təqdim olunan həmin sülh müqaviləsinin müəllifidir. Prezident bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar, bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Prezidentin son cümləsindəki “demək olar” ifadəsi o deməkdir ki, İlham Əliyev sülh sazişinin imzalanması üçün Nikol Paşinyanın son addımı atmasını, kontitusiyada zəruri dəyişiklik etməsini gözləyir”.