BAKI, 13 mart. TELEQRAF

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları da iştirak ediblər.

Məhkəmə iclasında Martin Ryan dövlət ittihamçısının suallarını cavablandırıb. Onun sözlərinə görə, 2012-ci ildə Azərbaycan vətəndaşı Emin Süleymanovla tanış olub və onun vasitəsilə 2015-ci ildə ilk dəfə Azərbaycana gəlib. Daha sonra Emin Süleymanovun təklifi ilə iş qurmaq barədə söhbətləri olub, amma 2017-ci ildə Eminlə əlaqəsi kəsilib.

Martin Ryan bildirib ki, Bakıda iş qurmağa fransalı biznesmenləri cəlb etmək istəyib, həmin dövrdə onun konkret işi olmayıb: “Amma yaxşı pulum var idi. Həmin dövrdə Bakıda iş qurmaq üçün fürsətlər yaxşı idi. Azərbaycan haqqında müsbət fikirdəydim, həm də iş qurmaq niyyətinə düşmüşdüm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2015-ci ildə Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə münasibətləri yaranıb: “Onlar məni səfirliyə dəvət etdilər. Həmin vaxt mən dostum Ramil Məmmədovla iş qurmuşdum. Bu işlə bağlı səfirliyin əməkdaşlarına məlumat verdim. Səfirliyin əməkdaşı Frederik Devosla tanışlığım həmin vaxt yarandı. O, bölgədə geopolitik araşdırmalar, təhlillər apardığını söylədi. Konkret olaraq, İranla bağlı aparılan araşdırmalardan söhbət gedirdi. Bildirdi ki, ölkədə yaşayan fransızların təhlükəsizliyi ilə bağlı işlər görür. Bu da məndə şübhələr yaratdı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Frederik Devosla görüşlərinin birində ona Rusiya və İrandan olan iş adamlarının Azərbaycan üçün təhlükəli olduqlarını, onlardan uzaq durmaq lazım gəldiyini söyləyib: “Bundan başqa bildirdi ki, Rusiya və İrandan olan iş adamları tərəfindən şübhəli hal müşahidə edərəmsə, bunu onunla bölüşüm. Daha sonra Azərbaycan vətəndaşları ilə onu tanış etməyimi istədi. Əsasən geopolitik suallar verirdi”.

Martin Ryan qeyd edib ki, Frederik Devos Azərbaycan-Ermənistan arasındakı müharibə zamanı onunla görüşmək, siyasi fikirlərini bilmək istəyib: “Həmin vaxt Fransa-Azərbaycan arasında diplomatik əlaqələr pisləşmişdi. Biz Frederik Devosla bu haqda danışdıq. O da görüşlər zamanı spesifik suallar verməyə başladı. Bu, əsasən Azərbaycanın gücü haqqında idi. O, Azərbaycanın silahları və ordunun silahlanması haqqında suallar verirdi. Hətta dedi ki, məlumatları, videoları onunla bölüşüm”.

Martin Ryan onu da qeyd edib ki, Frederik Devos Türkiyə və Pakistanın Azərbaycan-Ermənistan münaqişəsində olan rolu haqqında çox maraqlanıb: “Məndən tez-tez əsasən Türkiyə, Pakistan haqqında soruşurdu. Sonradan bildim ki, bu suallar erməni kəşfiyyatına aiddir. Müharibə vaxtı İran və Rusiya haqqında heç nə danışmırdı. O, silahların təchizatının kim tərəfindən olduğunu bilmək istəyirdi. Müharibə zamanı azərbaycanlı iş adamları ilə əlaqələrimlə tanış olmaq istəyirdi. Lakin burada ehtiyatlı olmağımı istəyirdi”.

Təqsirləndirilən şəxslərin ifadəsinə görə, daha sonra Frederik Devosa iqtisadi baxımdan şübhəli olan məqamlar haqqında məlumat verib. O bildirib ki, Bakıda keçirilən sərgilərdə iştirak edib, həmin sərgilərin birində İran pavilyonunun yanına gedib: “İran pavilyonunda olan şəxslərlə münasibətlər yarandı. Həmin şəxslər mənim işlərimlə maraqlanırdı. Fransız şirkətlərinin İranda fəaliyyəti ilə bağlı fikirlər alırdı. Mən isə Azərbaycanda işlədiyimi, burada işləri böyütmək istədiyimi dedim. Daha sonra iranlı iş adamları mənə sosial şəbəkələrdə yazırdılar. Əsas məqsədləri iş qurmaq, biznesimi İranda davam etdirməyim idi.

Onlar mənə əsasən “Telegram” sosial şəbəkəsində yazırdılar. Nömrəmi haradan əldə etdiklərini bilmirdim. Bu isə məndə bir qədər şübhələr yaradırdı. Həmin vaxt Azərbaycanın İrandakı səfirliyinə hücum təşkil olunmuşdu. Mənə əlavə suallar vermirdilər, lakin nömrəmi, kontaktlarımı istəyirdilər. Əsasən ümumi suallar idi. Məsələn, Çin və Azərbaycan arasında iqtisadi əlaqələr haqqında suallar verirdilər. Mən qısa analizlər yazaraq onlara göndərmişəm. Mən onlara cavab verməyəndə narahat olurdular. Dərhal yazırdılar ki, problem-filan yaranıbmı?”

Martin Ryanın bildirdiyinə görə, 2022-ci ildə azərbaycanlı tanışı Zaur Mustafayev onunla birlikdə işləyib: “Mən də Zaur Mustafayevi Frederik Devosla tanış etdim. Çünki Zaur fransız dilini yaxşı bilirdi. Daha sonra isə Azad Məmmədlini Frederik Devosla tanış etdim. Buna səbəb Frederikin azərbaycanlı şəxslərlə tanış olmaq istəyi idi. Ona Rusiyanı yaxşı tanıyan adam lazım idi. Mən də Azadı ona məsləhət gördüm. Çünki Azad Rusiyada oxumuşdu, oranı yaxşı tanıyırdı, özü də fransız dilini yaxşı bilirdi. Azadı 2022-ci ildə Frederiklə görüşdürdüm. Həmin dövrdə Azad xaricdə iş axtarırdı”.

Daha sonra o, bildirib ki, İlqar adlı iş adamı Frederik Devos tanış olmaq istədiyini ona deyib: “Frederik Devosun arvadı Bakıda “Bakou Francophones” Assosiasiyasının rəhbəri idi. İlqarın yoldaşı da həmin assosiasiyanın üzvü idi. Mən də İlqarı yaxşı tanıyırdım. İlqarla Frederik Devos çox maraqlanırdı. İlqarın şirkətinin nə işlə məşğul olduğunu öyrənmək istəyirdi. Çünki İlqar Fransa səfirliyindən tez-tez viza istəyirdi”.

Martin Ryanın ifadəsinə görə, Olqa adlı bir qadın ondan fransız dilini öyrənmək istəyib: “Olqa diplomatik bir işlə məşğul idi. Deyirdi ki, fransız dilini öyrəndikdən sonra Fransada turizm işi ilə məşğul olacaq. Lakin mənə şübhəli gəlirdi. Çünki diplomatik fəaliyyətlə məşğul olan şəxs niyə Fransaya köçərək turizm işi ilə məşğul olsun? Bir neçə dərsdən sonra həmin qadın yoxa çıxdı. Frederik Devosla da bu qız haqqında danışdıq. Sonra Frederik Devos araşdıraraq qızın kimliyini müəyyənləşdirdi. Həmin qız ölkəni tərk etmişdi. Qızın şəklini Frederik Devos çıxartmışdı. Daha sonra bir Kənan adlı oğlana fransiz dilində dərs keçdim. O, hərbi cərrah idi. Bir müddət sonra o da kursa gəlmədi”.

Martin Ryan deyib ki, daha sonra Fransanın Azərbaycandakı səfirliyində işləyən Loran Lödi adlı şəxslə əlaqəsi olub: “Loran Lödi mənə zəng edərək Frederik Devosun davamçısı olduğunu, Fransanın təhlükəsizliyi ilə bağlı çalışdığını dedi. O, artıq Zauru tanıyırdı. Çünki Zaur Fransa səfirliyində işləyirdi, sonra Azad Məmmədli ilə də əlaqələr qurdu. Sadəcə Frederik Devosdan fərqli olaraq Loran Lödi daha təhlükəli şeylər istəməyə başladı. Bu barədə Azadla mənim aramda söhbətlər oldu.

Loran Lödi ilə münasibətlərimiz çox yaxşı idi, iki il ərzində danışıqlar aparırdıq. Azada da dedim ki, bunlar Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır. Loran Lödi bizdən məlumatlar alırdı, həm də bizə nəzarət edirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra onunla Jerom adlı şəxs əlaqə qurub və Jerom onu Qobustanda olan vulkan palçığının yanına dəvət edib: “Hiss etdim ki, məni qıraq-bucağa çağırırsa, nəsə başqa məqsədi var. Daha sonra Jeromla bir qonaqlıqda görüşdük. Həmin vaxt mən spirtli içki təsiri altında idim. Bu vəziyyətdə onunla danışmışam. O, məndən Əlcəzair və İran haqqında soruşdu”.

Martin Ryan əlavə edib ki, onunla əlaqə saxlayan səfirlik əməkdaşları biznesini yönəltməyə çalışıblar: “Vətəndaşı olduğum dövlətin diplomatlarına inanmışam. Amma onlar məndən istifadə ediblər. Məndən kəşfiyyat xarakterli məlumatlar alıblar. Mən isə onlarla səmimi olmuşam. Hesab etmişəm ki, Fransa səfirliyi ilə münasibətlərim çox yaxşı olacaq. Mənim özümə də maraqlı olan məlumatları səfirliyin işçilərindən alırdım. Amma sonunda vəziyyət belə yarandı. Məndən sui-istifadə etdilər. Daha sonra isə məni müdafiə etmədilər. Görüşdüyüm hər üç səfirlik əməkdaşı məndən kəşfiyyat xarakterli məlumatlar alıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu işlərin görülməsi müqabilində maddi qazancı olmayıb, heç kimdən pul almayıb.

Daha sonra təqsirləndirilən şəxsin vəkili bildirib ki, səhhəti ilə bağlı hazırkı mərhələdə suallar verə bilmir. Buna görə də vəkil prosesin başqa vaxta keçirilməsini, növbəti iclasda müdafiə etdiyi Martin Ryana suallar verəcəyini söyləyib.

Proses aprelin 14-də davam edəcək.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Martin Ryan və digərləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin dövlətə xəyanət ittihamı ilə mühakimə olunduğu bəlli olub.