
BAKI, 13 mart. TELEQRAF
Azərbaycanda taksilərdə əlavə ödəniş tələbi qadağan olunub.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı Nazirlər Kabinetinin təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır və ya ləğv edilir.
Bundan başqa, operatorlar beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər.
Digər dəyişikliyə görə, operatorun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər Nazirlər Kabineti tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidirlər: “Hazırlıq Agentlik, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təşkil edilir və həyata keçirilir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanılmış müqavilə əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 (yeddi) il müddətində etibarlı olan, forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Qeyri-müntəzəm sərnişin daşınması (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar vasitəsilə rəsmiləşdirilir. Formulyarın formasını Nazirlər Kabineti təsdiq edir. Formulyarı doldurmadan qeyri-müntəzəm sərnişin daşınmasının həyata keçirilməsinə yol verilmir.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetirilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi olmadan və ya digər şəxslərə məxsus buraxılış vəsiqəsi əsasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarının yerinə yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyat vasitələrinin sərnişindaşımada istismar edilməsi, həmçinin taksometrin göstəriciləri və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsi qadağandır.
Operatorlar və beynəlxalq sərnişin daşımaları yerinə yetirən sürücülər tərəfindən müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə yol verilmir.