.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Nazirlər Kabinetinin 21 avqust 2024-cü il tarixli qərarına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tibb müəssisələrinin müvafiq dövlət orqanlarının tabeliyinə verilməsi prosesi həyata keçirilir və bununla əlaqədar dəmir yolu xəstəxanalarının ləğvinə başlanılıb.
Teleqraf xəbər verir ki, bununla bağlı ADY-nin Həkim Sanitar Xidmətinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri - "Bakı Dəmir Yolu Xəstəxanası" MMC Respublika Pediatriya Mərkəzinə, "1 saylı Bakı Dəmir Yolu Poliklinikası" və "2 saylı Bakı Dəmir Yolu Poliklinikası" MMC-lər Bakı Baş Səhiyyə Mərkəzinə birləşdirilir.
Bundan başqa, "Ələt Dəmir Yolu Xəstəxanası" MMC Qaradağ Tibb Mərkəzinə, "Gəncə Dəmir Yolu Xəstəxanası" MMC Gəncə Şəhər Birləşmiş Xəstəxanasına, “Xaçmaz Dəmir Yolu Ambulatoriyası” MMC Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına, “Hacıqabul Dəmir Yolu Ambulatoriyası” MMC Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına , "İmişli Dəmir Yolu Xəstəxanası" MMC isə İmişli Rayon Mərkəzi Xəstəxanasına birləşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, məsələ ilə bağlı kreditorlar tələblərini iki ay ərzində aşağıdakı ünvanlara bildirə bilərlər:
1. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206
2. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 1
3. Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 4, Namiq Niftəliyev küçəsi
4. Gəncə şəhəri, Nizami prospekti, 412
5. Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 30
6. Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, 15
7. İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi, 92