BAKI, 13 mart. TELEQRAF

Bu gün ATƏT-in Minsk qrupuna heç bir ehtiyac yoxdur.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan bu gün bəzi havadarlarının dəstəyi ilə artıq keçmişdə qalan, hər hansı funksiyası olmayan Minsk qrupunun saxlanılmasına da cəhd göstərir. Bu gün Minsk qrupuna heç bir ehtiyac yoxdur, ola da bilməz. Əgər kimsə Minsk qrupunu dirçəltməyə çalışırsa, bu, ancaq utopik fikir ola bilər. Minsk qrupu yaradılanda onun təməlini münaqişənin həll edilməsi təşkil edirdi. Artıq münaqişə yoxdur, Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin getdiyi bir şəraitdə Ermənistan tərəfi yenə də səmimiyyət nümayiş etdirməyərək, Minsk qrupu kimi lazımsız bir alətin saxlanılmasına çalışır. Azərbaycan bu məsələdə israrlıdır ki, bu kimi, xüsusən də Ermənistanın konstitusiyası kimi məsələlər aradan qaldırıldıqdan sonra regionda sülh gündəliyi üçün daha da yaxşı şərtlər formalaşa bilər“, - ölkə rəsmisi bildirib.