
BAKI, 13 art. TELEQRAF
"Ermənistan sülhdən yayınmaqla vaxt uzatmağa, geosiyasi vəziyyətin xeyrinə dəyişəcəyinə ümid edir. Bunun üçün fərqli həmlələr olunur. Siyasi açıqlamalar fonunda hərbi müstəvidə təxribat elementləri gündəmə gətirilir".
Bu sözləri Teleqraf-a ehtiyatda olan general-leytenant, hərbi ekspert Yaşar Aydəmirov Ermənistanın müharibə hazırlıqlarını şərh edərkən deyib.
General qeyd edib ki, müharibəyə başlamaq asan iş deyil: “Bunun üçün ehtiyatlar olmalıdır. Silah-sursat təminatı o qədər yüksək olmalıdır ki, ehtiyatla yanaşı, onun bir qismi orduya təhkim edilsin. Erməni tərəfi Azərbaycan Ordusunun imkanlarının nədən ibarət olduğunu yaxşı bilir. Ümumi səfərbərlik edilsə belə, Ermənistan ordusunda şəxsi heyət çatışmazlığı var”.
Y.Aydəmirov əlavə edib ki, Qarabağ müharibəsində darmadağın edilən Ermənistan ordusunun itirdiyi silah-sursatın qısa zamanda bərpası mümkün deyil: "Hər bir top və atıcı silahlar üçün əlavə ethiyatlar olmalıdır. Ona görə də erməni tərəfinin hansısa hərbi əməliyyatlar keçirmək imkanları yoxdur. Onlar da bilirlər ki, Ermənistanın istənilən təxribatına cavab olaraq Azərbaycan Ordusu indiki şərti sərhədlərdə dayanmayacaq. Zəngəzur daxil olmaqla və Qərbi Azərbaycan əraziləri qısa zamanda nəzarətə götürülə bilər”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Ermənistanın yaxın bir neçə ildə müharibə aparmaq imkanının olmadığını söyləyib.
Polkovnik bildirib ki, bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında sülh prosesindən, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı tələblərindən bəhs edib: “O iddia edir ki, rəsmi Bakı dəhlizin açılmasında israrlıdır, bu isə müharibəni qaçılmaz edir. Yeni müharibəyə başlamaq heç asan iş deyil. Kənardan Ermənistana göndərilən silah-sursatla nəsə etmək mümkün olmayacaq. Bu silahlar hələ sınaqdan keçirilməyib. Ona görə də apreldə yeni müharibə ola bilər iddiaları məntiqdən uzadır”.
Üzeyir Cəfərovun fikrincə, Ermənistanın Fransa, Hindistan və digər ölkələrdən hansısa silahları almaqla reallığı dəyişmək imkanları yoxdur: “Üç-beş “Bastionla”, beş-altı “Sezarla” heç nə etmək mümkün deyil. Dronların qarşısında bu kimi cəhdlər çox absurd görünür. Peşəkar hərbi təhlilçilər də bilir ki, nə baş verə bilər. Əgər Ermənistan hərbi müstəvidə hansısa addım atsa, çox ciddi cavab alacaq”.
Qeyd edək ki, aprelin 1-dən iyunun 13-dək Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlimlərinin keçiriləcəyi açıqlanıb. Gələn ay bu hazırlıqlar fonunda İrəvanın yeni hərbi əməliyyatlara başlayacağı iddia edilir.