BAKI, 13 mart. TELEQRAF

"Ermənistan və Azərbaycan artıq qarşılıqlı şəkildə təsdiqlənmiş ilk beynəlxalq sənədə malikdir".

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda türkiyəli jurnalistlərlə söhbətində deyib.

“Unutmayaq ki, Ermənistan və Azərbaycan artıq qarşılıqlı şəkildə təsdiqlənmiş ilk beynəlxalq sənədə malikdir. Bu sənəd həm də iki ölkənin sərhədin delimitasiyası komissiyalarının əsasnaməsidir. Bu əsasnamə hər iki ölkənin komissiyaları tərəfindən imzalanmış və ölkələrimizin mövcud prosedurlarına uyğun olaraq təsdiqlənib. Bu sənəddə açıq şəkildə göstərilir ki, sərhədlərin müəyyənləşdirilməsinin əsas prinsipi Almatı bəyannaməsidir. Almatı bəyannaməsi 1991-ci ildə imzalanıb və mövzumuz kontekstində burada iki məsələdə müəyyənlik var. Birincisi, Sovet İttifaqının artıq mövcud olmamasıdır. İkincisi, Sovet İttifaqı ölkələrinin inzibati sərhədlərinin dövlət sərhədlərinə çevrilməsidir”, - baş nazir bildirib.