
BAKI, 13 mart. TELEQRAF
Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Rasim müəllim, Ermənistan tərəfi yenidən “sülh kəşiməsi” iddiasını gündəmə gətirir. İrəvanın bu mövzunun üzərində israrla dayanmaqda məqsədi nədir?
- Ermənistan proseslərə əlavə şərhlər qoşmaqla məsələləri başqa istiqamətə yönəltməyə çalışır. Yolun açılmasına məcbur olsalar da, onun Zəngəzurdan, Mehridən keçməsini istəmirlər. Azərbaycanın isə bu məsələdə mövqeyi birmənalıdır. Rəsmi Bakı Zəngəzur dəhlizi açılmayınca ermənilər üçün digər yolların fəaliyyətinə imkan yaratmayacaq. Türkiyə də Azərbaycanla eyni mövqedədir. Məqsədləri odur ki, Azərbaycanla rəmzi sülh müqaviləsi imzalayıb, daha sonra öz iddialarını həyata keçirməyə imkan və vaxt qazansınlar.
- Zəngəzur dəhlizinə alternativ hansı yol təklif edilir?
- İrəvanın təklif etdiyi yol heç də birmənalı mövqe deyil. İddia edirlər ki, Azərbaycan Gorusdan keçməklə Ermənistanın daxili ilə Türkiyəyə gedə bilər. Laçın-Gorus yolunu Zəngəzura alternativ kimi təklif edirlər. Amma bu məqbul variant deyil. Azərbaycanın Türkiyəyə birbaşa getməsi üçün Ermənistana ehtiyacı yoxdur. Gürcüstan və İran yolundan istifadə etməklə bu mümkündür.
- Gorus yolunu təklif etməkdə İrəvanın məqsədi nədir?
- Türkiyə ilə sərhədlərin açılmasını erməni tərəfi məhz bu xəttin əsasında görür. İddia edirlər ki, Azərbaycan Laçın-Gorus yolundan istifadə etsə, Türkiyə də Ermənistanla sərhədlləri açacaq və onlar bundan faydalanacaq. Bu sözsüz ki, Bakıya lazım deyil. Azərbaycanın əsas tələbi odur ki, Zəngəzurdan keçən ən qısa yol açılsın və Naxçıvanla birbaşa əlaqələr təmin edilsin.
- Yeni konstitusiya layihəsi ilə bağlı Ermənistanda müzakirələr gedir. Azərbaycana qarşı ərazi iddialarının yeni qanunda olmayacağı bildirilir. Bunun sülh prosesinə təsirini necə dəyərləndirirsiniz?
- Konstitusiya ilə bağlı şərtlər sülh müqaviləsində mövcud deyil. Azərbaycanın bu tələbi müqavilədən kənardır. Sülh müqaviləsi ikitərəfli qaydada razılaşdığı halda paraflana bilər. Amma onun ratifikasiya edilməsi üçün mümkün deyil. Çünki Ermənistanın konstitusiyası ilə yanaşı, digər əsas qanunlarında da Azərbaycana qarşı ərazi iddiaları var. Bunlar aradan qaldırıldıqdan sonra rəsmi Bakı imzalanacaq sülh sənədini ratifikasiya edə bilər.