BAKI, 20 sentyabr. TELEQRAF
20 Sentyabr Azərbaycan dövlətçilik tarixində ikiqat tarixi məna daşıyan əlamətdar gündür. Bu tarix həm dövlət suverenliyimizin bütün ölkə ərazisində tam bərpa olunduğu gün, həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis edilib. Sözügedən tarixi qərar, iMöhtərəm Cənab Prezident İlham Əliyevin praqmatik, uzaqgörən və zərgər dəqiqliyi ilə həyata keçirdiyi siyasətin, Azərbaycan xalqının 30 ildən artıq davam edən əzmkar mübarizəsinin, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi hesabına qazanılmış tarixi Zəfərin məntiqi nəticəsidir.
Bunu Teleqraf-a Milli Məclisin deputatı, "Ana Vətən" Partiyasının sədri Günay Ağamalı deyib.
O qeyd edib ki, uzun illər ərzində Azərbaycanın ayrılmaz hissəsi olan bu torpaqlarda dövlətimizin suveren hüquqlarının həyata keçirilməsinə imkan verilmirdi:
"2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər regionda tamamilə yeni reallıq yaratdı. 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri sözügedən tarixi prosesin yekun mərhələsi oldu. Azərbaycan bütün ərazisində Konstitusiya quruluşunu və dövlət suverenliyini tam təmin etdi.
Bu baxımdan 20 Sentyabr Azərbaycan dövlətinin öz ərazisinin hər bir qarışında suveren hakimiyyətini təmin etmək əzminin, milli iradənin və tarixi ədalətin təntənəsidir.
2023-cü il oktyabrın 15-i xalqımızın yaddaşına başqa bir möhtəşəm gün kimi həkk olundu. Möhtərəm Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Otuz ildən artıq gözlənilən həmin tarixi an Azərbaycan xalqının böyük qayıdışının, dövlətimizin suverenliyinin və milli qürurumuzun rəmzinə çevrildi.
Dövlət başçımız Cənab İlham Əliyevin həmin gün Xankəndidə söylədiyi “Bu günü biz 30 ildən çox gözləmişdik” fikri bütöv bir xalqın keçdiyi mübarizə yolunun ifadəsi idi. Azərbaycan xalqı heç vaxt öz torpaqlarının işğalı ilə barışmadı, tarixi ədalətin bərpa olunacağına inamını itirmədi. Dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrətinin illər ərzində ardıcıl şəkildə möhkəmləndirilməsi bizi həmin müqəddəs günə addım-addım yaxınlaşdırdı.
8 noyabr 2023-cü ildə Xankəndidə Vətən müharibəsində qazanılmış Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi xüsusi rəmzi məna daşıyırdı. Bir vaxtlar Azərbaycan dövlətinə qarşı separatizmin mərkəzinə çevrilmiş şəhərdə Müzəffər Ordumuzun keçidi tamamilə fərqli tarixi reallığın nümayişi idi. Ölkə rəhbərimiz Cənab İlham Əliyevin vurğuladığı kimi, vaxtilə qarşıya qoyulan məqsəd Azərbaycan Bayrağının işğal altında olan bütün torpaqlarda ucaldılması idi. Bu məqsəd gerçəkləşdi".

Deputat hesab edir ki, Xankəndi böyük dirçəlişin ən parlaq nümunələrindəndir:
"Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin yaradılması xüsusi tarixi əhəmiyyət daşıyır. Qarabağın mərkəzində Azərbaycan gənclərinin təhsil aldığı müasir universitetin fəaliyyət göstərməsi dövlət suverenliyinin siyasi, hərbi, elm, təhsil və intellektual inkişaf müstəvisində möhkəmləndirilməsinin ifadəsidir. 20 sentyabr 2024-cü il Dövlət Suverenliyi Günündə
Cənab Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetinin və tələbə yataqxanasının açılması gələcəyə hesablanmış çox mühüm mesaj idi.
Xankəndi sürətlə yenidən qurulur. Şəhərdə məktəblər, uşaq bağçaları, hotellər, istehsal müəssisələri, biznes və konqres mərkəzləri yaradılıb, Zəfər parkı salınıb, yeni nəqliyyat və enerji infrastrukturu qurulur. Xankəndinin artıq beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün burada keçirilməsi şəhərin yeni siyasi və iqtisadi statusunun göstəricisidir.
Eyni böyük quruculuq prosesi Xocalı, Xocavənd və Ağdərədə də davam edir.
Xocalı Azərbaycan xalqı üçün xüsusi mənəvi yükü olan müqəddəs məkandır. 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının ağrısını xalqımız heç vaxt unutmayacaq. Günümüzdə Xocalıda Azərbaycan Bayrağı dalğalanır, həyat yenidən qurulur, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Xocalı Soyqırımı Memorialının yaradılması, yaşayış yerlərinin salınması, sosial və istehsal obyektlərinin qurulması tarixi yaddaşın qorunması və həyatın yenidən adıçəkilən torpaqlara qaytarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Xocavənddə Hadrutdan Tuğa, Qırmızı Bazardan Sos və digər yaşayış məntəqələrinədək geniş bərpa və quruculuq işləri aparılır. Yeni yollar, yaşayış məhəllələri, məktəblər, enerji infrastrukturu və dini-mədəni obyektlər yaradılır. Uzun illər doğma torpaqlarından ayrı düşmüş soydaşlarımız yenidən öz ata-baba yurdlarında yaşayırlar.
Ağdərədə həyat sürətlə bərpa olunur. Suqovuşan, Həsənriz, Kolatağ, Vəngli, Çapar, Heyvalı, Çıldıran, Aşağı Oratağ və digər yaşayış məntəqələrinə insanların qayıdışı təmin edilir. Yaşayış infrastrukturu ilə yanaşı, enerji, yol və istehsal layihələrinin həyata keçirilməsi Ağdərənin gələcək sosial-iqtisadi inkişafının möhkəm əsaslarını yaradır.
2026-cı ilin avqust ayında təqdim edilmiş məlumatlara əsasən, Xankəndi və Kərkicahanda 500-dən çox, Xocalı şəhəri və rayonun kəndlərində 4 min 800-dən çox, Xocavənd və yaşayış məntəqələrində 4 mindən çox, Ağdərə rayonunun kəndlərində isə 3 min 500-dən artıq sakin məskunlaşıb. Bu rəqəmlərin hər birinin arxasında doğma torpağına qayıdan ailənin sevinci, illərlə çəkilən yurd həsrətinin sona çatması dayanır.
Cənab Prezident İlham Əliyevin azad olunmuş ərazilərə mütəmadi səfərləri həyata keçirilən dövlət siyasətinin ardıcıllığını göstərir. Xankəndidən Xocalıya, Xocavənddən Ağdərəyə qədər dövlətimizin başçısının iştirakı ilə Dövlət Bayrağımız ucaldılıb, yaşayış məntəqələrinin təməli qoyulub və açılışları keçirilib, məktəblər, universitet, yollar, elektrik stansiyaları, istehsal müəssisələri, mədəniyyət və sosial obyektlər istifadəyə verilib. Sözügedən səfərlərin hər biri Qarabağın bərpasının və ölkənin vahid iqtisadi-sosial məkanına reinteqrasiyasının dövlət siyasətinin prioritet istiqaməti olduğunu göstərir".
Günay Ağamalı vurğulayıb ki, cənab Prezidentin rəsmi saytındakı region məlumatları da Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ardıcıl səfər və layihələri əks etdirir:
"Qarabağda baş verənləri bərpa prosesi olmaqla yanaşı, Böyük Qayıdışdır. Bütün bunlar, həyatın öz doğma ünvanına qayıdışıdır. Azərbaycan vətəndaşının öz yurduna, dövlətimizin öz tarixi torpaqlarında quruculuq işlərinə və inkişafına qayıdışıdır.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü xalqımızın mübarizə və Zəfər tarixinin, dövlətimizin qüdrətinin və quruculuq əzminin ifadəsidir. Bu günün arxasında Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs xatirəsi, xalqımızın sarsılmaz iradəsi və dövlətimizin illərlə həyata keçirdiyi ardıcıl siyasət dayanır.
Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dalğalanan üçrəngli Dövlət Bayrağımız Azərbaycan dövlətinin əbədi suverenliyinin rəmzidir. Bu torpaqlarda yenidən qurulan hər ev, açılan hər məktəb, salınan hər yol, doğma yurduna qayıdan hər bir ailə Zəfərimizin davamı, Böyük Qayıdışın təcəssümüdür".