BAKI, 15 iyun. TELEQRAF

2025-ci ildə ekologiya sahəsində fəaliyyət göstərən məqsədli büdcə fondlarının gəlirləri 66,7 milyon manat, xərcləri isə 36,2 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə gəlirlərin 4,6% azalması, xərclərin isə 4,5 dəfə artması deməkdir.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Məlumata görə, gəlirlərin azalması əsasən mineral xammal bazasının bərpası dövlət fondunun gəlirlərinin əvvəlki illə müqayisədə 2,5 milyon manat və ya 54,3% azalması ilə bağlı olub.

Ötən il fondlar üzrə 61,2 milyon manat gəlir proqnozlaşdırılsa da, faktiki daxilolmalar proqnozu 5,5 milyon manat üstələyərək 66,7 milyon manata çatıb. Artıq daxilolmalar əsasən Nəqliyyat vasitələrinin utilizasiyası fondu, Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu və Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu hesabına formalaşıb.

Buna baxmayaraq, fondların xərcləri üzrə nəzərdə tutulan 80,5 milyon manatın yalnız 36,2 milyon manatı və ya təxminən 45%-i icra edilib. Aşağı icra əsasən Nəqliyyat vasitələrinin utilizasiyası fondu, Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu və Mineral xammal bazasının bərpası dövlət fondu üzrə qeydə alınıb.

Gəlirlərin xərcləri üstələməsi nəticəsində ekologiya fondlarının qalıq vəsaiti ilin sonunda 141,8 milyon manata yüksəlib.