BAKI, 15 iyun. TELEQRAF

2025-ci ildə dövlət büdcəsindən Naxçıvanın büdcəsinə dotasiyalar və yerli büdcələrə subvensiyalar proqnozla müqayisədə azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Naxçıvanın büdcəsinə ayrılan 160 milyon manat dotasiyanın (proqnoz - 215,6 milyon manat) 85 milyon manatı (53,1%) ilin birinci yarısında, 75 milyon manatı (46,9%) isə ikinci yarısında ödənilib. Yerli büdcələrə subvensiyalar üzrə isə nəzərdə tutulan vəsait ümumiyyətlə icra edilməyib.

Yerli büdcələrə dotasiyalar və dövlət büdcəsindən büdcədənkənar dövlət fondlarına ayırmalar üzrə ümumi illik proqnoz yerinə yetirilsə də, vəsaitlərin aylar üzrə bölgüsündə ciddi kənarlaşmalar müşahidə olunub. Belə ki, yerli büdcələrə nəzərdə tutulan dotasiyaların hamısı ilin son dörd ayında ödənilib, ilk səkkiz ayda isə heç bir vəsait ayrılmayıb. Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait də il ərzində qeyri-bərabər icra edilib. Vəsaitin böyük hissəsi müəyyən aylarda cəmləşib, bəzi aylarda isə ümumiyyətlə ödəniş həyata keçirilməyib. İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əsas hissəsi isə ikinci rübdə icra olunub, altı ay ərzində isə bu istiqamətdə heç bir ödəniş edilməyib.

Hər iki fond üzrə ən yüksək aylıq icra göstəricisi mart ayında qeydə alınıb. Bu göstərici Dövlət Sosial Müdafiə Fondu üzrə 230,7%, İcbari Tibbi Sığorta Fondu üzrə isə 209,3% təşkil edib.