BAKI, 15 iyun. TELEQRAF
2025-ci ildə dövlət sosial müdafiə fonduna ayrılan vəsaitin artması fonunda icbari tibbi sığorta Fonduna transfert azalıb.
Teleqraf Hesablama Palatasına istinadən xəbər verir ki, bu da dövlət büdcəsindən cəmi transfert və ayırmalarda azalmaya səbəb olub.
Məlumata görə, hesabat ilində icra edilən dövlət büdcəsi xərclərinin 6,6%-i və ya 2 milyard 543,4 milyon manatı büdcədən ayırmalar və transfertlərlə bağlı olub. Bu 2024-cü illə müqayisədə 249,5 milyon manat (8,9%), proqnozla müqayisədə isə 57,2 milyon manat (2,2%) azdır. Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsindən transfert və ayırmalar dövlət büdcəsi xərclərinin 7,4%-ni təşkil etmişdi.
Dövlət büdcəsindən transfert və ayırmaların azalmasına mütləq ifadədə daha çox İcbari Tibbi Sığorta Fonduna (İTSF) ayrılan vəsaitin azalması təsir göstərib. Belə ki, hesabat ilində İTSF-yə ayırmalar 775,9 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq göstəricisindən 592,1 milyon manat azdır.