BAKI, 13 iyun. TELEQRAF

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız müəyyən bir zaman kəsiyi ilə məhdudlaşmır, bütöv bir xalqın taleyini, dövlətin gələcəyini və milli inkişafın istiqamətini müəyyən edir. Belə taleyüklü günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix Azərbaycanın müstəqil dövlət kimi məhv olmaq təhlükəsindən xilas olduğu, xalqın ümummilli maraqlar naminə birləşdiyi, dövlətçiliyin qorunduğu və gələcək inkişafın möhkəm təməllərinin qoyulduğu bir dönüş nöqtəsi kimi tarixə həkk olunub.

1991-ci ildə Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərpa etsə də, bu müstəqilliyi qorumaq və möhkəmləndirmək heç də asan olmadı. Sovet İttifaqının süqutundan sonra ölkədə yaranan siyasi qeyri-sabitlik, dövlət idarəçiliyində təcrübəsizlik, xarici təhdidlər və daxili çəkişmələr gənc respublikanı dərin böhranla üz-üzə qoydu. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti genişlənir, torpaqlarımız bir-birinin ardınca işğal edilir, ölkə daxilində isə anarxiya və özbaşınalıq hökm sürürdü. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin dövlət idarəçiliyində yol verdikləri ciddi nöqsanlar ölkədə böhranı daha da dərinləşdirdi. Dövlət institutları faktiki olaraq fəaliyyət qabiliyyətini itirmişdi. Müxtəlif silahlı dəstələr özbaşına fəaliyyət göstərir, ayrı-ayrı bölgələrdə separatçılıq meylləri güclənirdi. Hakimiyyət daxilində qarşıdurmalar, şəxsi ambisiyalar və qruplaşmalar dövlət maraqlarını üstələyirdi. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı, dövlət müstəqilliyinin itirilməsi real ehtimala çevrildi. Gəncədə baş vermiş hadisələr isə Azərbaycanı parçalanma astanasına gətirib çıxardı. Belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz xilasını yalnız Heydər Əliyevin timsalında görürdü. Xalq yaxşı bilirdi ki, mürəkkəb geosiyasi şəraitdə dövlətçiliyi qorumağa, ölkəni böhrandan çıxarmağa və milli birliyi təmin etməyə qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

1993-cü il iyunun 9-da Ulu Öndər xalqın təkidli tələbi ilə Bakıya qayıtdı. Bu qayıdış sadəcə siyasi hakimiyyətə dönüş deyildi. Bu, ümidsizliyə qapılmış bir xalqın yenidən gələcəyə inam qazanması, dövlətin xilası naminə böyük məsuliyyətin üzərinə götürülməsi idi. Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getdi, qardaş qırğınının qarşısını aldı və ölkəni vətəndaş müharibəsindən xilas etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi xalqın iradəsinin ifadəsinə çevrildi. Məhz buna görə də həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonrakı illərdə bu tarix dövlət bayramı kimi təsbit edildi və xalqımız tərəfindən böyük ehtiramla qeyd edilməyə başladı.

Qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi, dövlət idarəetmə sistemi yenidən formalaşdırıldı. İnsanların dövlətə və gələcəyə olan inamı özünə qaytarıldı. Heydər Əliyevin rəhbərliyi ilə nizami ordu quruculuğuna başlanıldı, atəşkəs əldə edildi və Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Xarici siyasətdə balanslaşdırılmış və milli maraqlara əsaslanan kurs müəyyənləşdirildi. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirdi, dünya birliyinə inteqrasiyası sürətləndi. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin iqtisadi tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu müqavilə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasına, xarici investisiyaların cəlb edilməsinə və iqtisadi müstəqilliyin möhkəmlənməsinə xidmət etdi. Sonrakı dövrdə həyata keçirilən iqtisadi islahatlar ölkənin sürətli inkişafını təmin etdi.

1995-ci ildə ilk demokratik parlament seçkilərinin keçirilməsi və referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması hüquqi dövlət quruculuğunun əsasını təşkil etdi. Çoxpartiyalı siyasi sistem formalaşdırıldı, dövlət institutlarının fəaliyyəti təkmilləşdirildi və qanunun aliliyi prinsipi gücləndirildi. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri də milli həmrəyliyin təmin olunması idi. O hesab edirdi ki, ictimai-siyasi sabitlik olmadan heç bir sosial-iqtisadi proqram uğur qazana bilməz. Məhz bu baxış nəticəsində Azərbaycanda sabitlik və vətəndaş həmrəyliyi bərqərar edildi.

Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. O, hər zaman işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inanırdı. Məcburi köçkünlərlə görüşlərində dediyi "Gedəcəyik, inanın ki, gedəcəyik" ifadəsi xalqın yaddaşına əbədi həkk olundu. Qurtuluş prosesində əsas tutulan istiqamətlərdən biri olan ordu quruculuğu öz bəhrəsini 2020-ci il Vətən müharibəsində verdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğalda qalan torpaqları azad etdi. Ərazi bütövlüyümüz bərpa olundu, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarda dalğalandı. 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin dövlət suverenliyi tam təmin edildi. Bu gün Şuşada, Xankəndidə, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Azad edilmiş torpaqlarda yeni şəhərlər və kəndlər salınır, müasir infrastruktur yaradılır.

Güclü iqtisadiyyata, müasir orduya, müstəqil xarici siyasətə malik olan Azərbaycan məhz 15 İyun 1993-cü ildə başlayan Qurtuluş yolunun bəhrələrini yaşayır. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının, xalq-lider birliyinin və milli iradənin təntənəsinin rəmzidir. Xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim dərin ehtiramla yad edir. Onun siyasi irsi Azərbaycanın milli sərvəti kimi qorunur. Bu irsin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin daha böyük uğurlara imza atacağına əminlik yaradır. 15 İyun bizə xatırladır ki, dövlət müstəqilliyi böyük fədakarlıqlar hesabına qazanılır və qorunur. Milli Qurtuluş Günü keçmişdən alınan dərslərin, bu günün qürurunun və gələcəyə olan sarsılmaz inamın təcəssümüdür. Bu gün Azərbaycan xalqı qalib xalq kimi öz tarixinin ən qüdrətli dövrünü yaşayır və əmindir ki, Ulu Öndərin ideyaları işığında dövlətimiz daha da güclənəcək, yeni zirvələr fəth edəcəkdir. Milli Qurtuluş Günü Azərbaycanın xilasının, tərəqqisinin və Zəfərə aparan yolunun başlanğıcı kimi gələcək nəsillərin yaddaşında daim yaşayacaqdır.

Vasif Qafarov
Milli Məclisin deputatı, tarix elmləri doktoru