BAKI, 15 iyun. TELEQRAF
Azərbaycan Respublikası davamlı inkişaf yolunda hüququn aliliyini təmin etməklə dünyəvi dəyərlərə əsaslanan demokratik sistem yaradaraq beynəlxalq aləmdə xüsusi nüfuz sahibi olub. Əsası 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin baniləri tərəfindən qoyulan sekulyarizm cəmiyyətimizin müasir ruhda formalaşmasında mühüm rol oynamaqdadır. Şərq ölkələrinin və cəmiyyətlərinin dirçəlişində ciddi maneə hesab olunan dini xurafatçılığın insanların düşüncə və hərəkətlərində, institutlar üzərində təsirinin azalması nəticəsində Azərbaycan bu gün sabitlik və inkişaf adasına çevrilməkdədir.
Ölkəmiz beynəlxalq təşkilatların, bəzi xarici dövlətlərin ədalətsiz, qərəzli və sifarişli yanaşmalarından və qərarlardan əziyyət çəkməsinə baxmayaraq, demokratik, Qərbə inteqrasiya yolundan imtina etməyib. Dünyada geosiyasi gərginlik, siyasi toqquşmalar və iqtisadi böhranlara səbəb olan Qərbin hibrid təhdidləri qarşısında milli maraqları qorumaq, tarixi köklərdən qopmamaq xüsusi cəsarət, prinsipiallıq tələb edir. Haqsız münasibətlərlə üzləşsə də, Azərbaycan heç zaman Qərb dövlətləri və institutları ilə əməkdaşlığı dayandırmayıb, dialoq pəncərəsini açıq saxlayıb. Düşünülmüş, rasional xarici siyasətin nəticəsidir ki, ölkəmiz bu gün də beynəlxalq tədvirlərə ev sahibliyi etməkdədir. Azərbaycanın balanslı xarici siyasət yürütməsi, liberal iqtisadi sisteminin formalaşdırması və sekulyar cəmiyyətin olması teokratik rejimlər tərəfindən həzm edilə bilmir. Bu yazımızda məhz teokratik rejimlərin, radikal dini qüvvələrin Azərbaycanın dünyəvi dəyərlərini sarsıtmaq, cəmiyyətdə dini qarşıdurma yaratmaq cəhdlərindən bəhs edəcəyik.
Nə üçün dini təhdidə üstünlük verilir?
Öncə qeyd edək ki, Azərbaycanda tək bir deyil, bir neçə müsəlman ölkəsi dini müstəvidə təşkilatlanmağa, təbliğatlarını həyata keçirməyə cəhd göstərirlər. Əhalinin sosial cəhətdən aztəminatlı təbəqəsinin ehtiyaclarından sui-istifadə etməklə, xurafata meylli şəxslərin savadsızlığından yararlanaraq içimizdə kök salmağa çalışan xarici dini və siyasi qüvvələr həssas məqamlarda fəallıqlarını artırır, kampaniyaya start verirlər. Cəmiyyətimizin oturuşmuş dəyərlər sistemini sarıtmağa çalışan, ictimai fikri çaşdıran, daxili qarşıdurmanı gücləndirməyə cəhd edən həmin güclər, xüsusilə də, ölkəmizdə beynəlxalq tədbirlərin keçirilmdiyi ərəfədə hərəkətə keçirlər.
Məsələn, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları, 2025-ci ildə COP29 sammitinin keçirildiyi günlərdə xaricdən idarə olunan qüvvələr ölkəmizə qarşı dini təhdidlərini artırmışdılar. Anti-Azərbaycan dairələri ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün feyk məlumatları dövriyyəyə buraxaraq həssas dini kəsimi dövlətə qarşı qaldırmağa çalışıblar. əsasında “araşdırmalar” dərc edilməklə beynəlxalq ictimai rəydə yanlış təsəvvürlərin formalaşmasına çalışılır. Dezinformasiyalar yaymaq yolu ilə vətəndaşların dövlət institutlarına, mediaya olan inamını sarsıdırlar, ictimai rəyi özlərinə məqbul bildikləri siyasi təşkilatların xeyrinə formalaşdırırlar. Sosial münaqişələrə səbəb ola biləcək xaos və qarşıdurma yaratmağa çalışırlar. Müqəddəs kitablardakı surə və ayələri, hədisləri öz maraqlarına uyğun interpretasiya etməklə ictimai fikri çaşdırırlar. Bu qüvvələr hansısa bir neqativ hadisəni günlərlə, aylarla gündəmdə saxlayır, onların ətrafında müzakirələr açır, dövlətə qarşı ictimai etimadsızlıq mühiti yaratmağa cəhd edirlər.
Hazırda dini təhdidlərin miqyası daha genişlənib. Bunun əsas səbəbləri yeni texnologiyaların, xüsusilə informasiya, kibersistemlər sahəsində inkişafın hibrid təhdidlər üçün yeni imkanlar yaratması, dünyanın geosiyasi mənzərəsində özünü göstərən qeyri-müəyyənliklər, asimmetrik xarakterli münaqişələrin sayının artmasıdır. Beynəlxalq hüququn işləməməsi, supergüclərin öz maraqlarını həyata keçirmək üçün bəşəri dəyərləri, hüquq sistemini ayaqlar altına atması radikal dini mərkəzlərin fəaliyyətlərinə münbit şərait yaradır, onlara bəhanələr qazandırır. Dezinformatorların məqsədi yalan məlumatlarla, əslində heç bir aktuallığı olmayan, kişik problemləri qabartmaqla qarşı tərəfin düşüncələrinə təsir göstərmək, ictimaiyyətin real vəziyyəti obyektiv qiymətləndirməsinə çətinlik yaratmaqdan ibarədir. Dezinformasiya hibrid təhdidlərdə geniş istifadə olunan vasitələrdən biridir. (Bax: https://teleqraf.az/news/toplum/488000.html)
Dini təhdidlərdən istifadə “düşmən qüvvələr”ə bir sıra “üstünlüklər” qazandırır.
Bəzi insanlar, xüsusilə də, Şərq cəmiyyəti, müsəlmanlar dini məsələlərə, müqəddəs hesab etdikləri dini simvollara qarşı çox həssasdırlar. Adi bir dini karikatura, tənqidi fikir bu cür cəmiyyətlərdə qarşıdurmalara, xaosa səbəb ola bilər.
Dini təhdid siyasəti hərbi əməliyyatlardan fərqli olaraq daha az maliyyə xərci tələb edir. Həmçinin bəzi insanlar daha asan yolla pul qazanmaq üçün bu kimi təhlükəli sifarişlərin icrasında iştirak etməyə razılıq verirlər. İnformasiya müharibəsinin bir elementi olan dini təhdidlər insanların fikir və davranışlarına təsir etməklə həyata keçirilir.
Onlar proksi qüvvələrin imkanlarından istifadə etməklə ölkədə gərginlik yaratmaqla zərərli ideologiyalar yaymaqla öz mövqelərini gücləndirməyə çalışırlar.
Müşahidələr göstərir ki, dinyönümlü təhdidlər siyasiləşmiş dini qüvvələr tərəfindən hazırlanır və gənclərin əli ilə həyata keçirilir.
Dini ideoloji mərkəzlər gənclərlə yanaşı, sənət adamları, idmançılar, siyasətçilər və s. kateqoriyadan olan insanlarlıa sıx əməkdaşlıq edirlər.
Onlar insanların kütləvi yığışdığı yas mərasimlərindən tribuna kimi istifadə edirlər.
Dövlətin və cəmiyyətin bütün fəaliyyətlərinə, uğur və uğursuzluqlarına dini don geyindirməklə öz məzhəblərinin əhəmiyyətini qabartmağa çalışırlar. Məsələn, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi qələbə üzərində spekulyasiya cəhdlərinin şahidi olduq. Bu qələbəyə dar çərçivədən yanaşaraq dini don geyindirilməsi tarixi Zəfərimizə kölgə salmaq cəhdlərindən başqa bir şey deyil. Odur ki, cəmiyyət olaraq qələbəmizin hansısa məzhəblə əlaqələndirilməsinə qarşı prinsipial mövqe ortaya qoyuldu.
Burada ən təhlükəli məqam fərqli dini dünya görüşü, həyat tərzi olanların təhqir və təhdid olunmasıdır. “Mənim kimi düşünməyən, mənim inandıqlarıma inanmayanlar mənim düşmənimdir” yanaşması ölkədə radikalizmi gücləndirən əsas elementlərdən biridir.
Azərbaycanda dini təhdidlərə qarşı ən güclü silan Azərbaycan Respublikasının Konstitusiyasıdır. Ana Yasanın nın 47-ci maddəsində qeyd olunur.
I. Hər kəsin fikir və söz azadlığı vardır.
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
III. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.
48-ci maddədə isə bildirilir.
I. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
II. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.
III. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
IV. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Təbii ki, hibrid təhdidlər ideoloji təhlükəsizliyə mənfi təsir göstərir. Milli kimliyimizə, adət-ənənələrimizə, dünyəvi dəyərlərimizə zidd olan radikal və ekstremist ideologiyalardan uzaq olmaq üçün əhali arasında kütləvi informasiya vasitələri və sosial şəbəkələrin imkanlarından istifadə etməklə maarifləndirmə işi gücləndirilməlidir.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan əleyhinə hibrid müharibəyə qarşı əhalinin sayıqlılığının artırılması” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.