AĞDAM, 15 iyun. TELEQRAF

Ağdamda çobanlar arasında silahlı insident zamanı xəsarət alan çobanın vəziyyəti açıqlanıb.

Teleqraf-ın Qarabağ bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 14.06.2026-cı il tarixində saat 23:20 radələrində 2 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara döş qəfəsinin və sağ bazunun açıq yarası, pnevmatoraks, aşağı ətrafların dəqiqləşdirilməmiş sınığı diaqnozu təyin olunub.

Vəziyyəti ağır qiymətləndirilən 1975-ci il təvəllüdlü pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Göstərilən reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 15.06.2026-cı il tarixində saat 01:20 radələrində 1979-cu il təvəllüdlü şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib.

***
16:15

Ağdamda birgə spirtli içki qəbul edən çobanlar arasında düşən dava qanla bitib.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində baş verib.

Rayon sakini, 1979-cu il təvəllüdlü Elşad Gözəlov mübahisə zəminində 1975-ci il təvəllüdlü Rövşən Şirinova ov tüfəngindən atəş açıb. Qolundan yaralanan R.Şirinov dərhal xəstəxanaya çatdırılıb.

Hadisəni törədən E.Gözəlov isə daha sonra həmin tüfənglə qarın nahiyəsinə atəş açaraq özünü öldürüb.

Yaralının müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.