BAKI, 15 iyun. TELEQRAF
Suriyada müharibə cinayətlərində və insan hüquqlarının pozulmasında iştirak edənlər dövlət tərəfindən mühakimə olunacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik devrilmiş rejim dövründə törədilən cinayətlərlə bağlı İdlibdəki etirazları yaxından izlədiyini, ədalətin fərdi qisas və ya xaosla deyil, hüquqi mexanizmlərlə təmin ediləcəyini bildirib.
Bəyanatda hərbi cinayətlərdə iştirak və insan hüquqlarının pozulması ilə bağlı məlumat və ya sənədlərə malik vətəndaşlardan öz sübutlarını rəsmi kanallar vasitəsilə dövlət orqanlarına təqdim etmələri qeyd olunub.
Qeyd edək ki, ötən gün Suriyada devrilmiş Əsəd rejiminin tərəfdarı olduğu və hərbi cinayətlərdə iştirak etdiyi iddia edilən bəzi şəxslərin İdlib başda olmaqla, öz kəndlərinə sərbəst hərəkət edərək geri dönə bilməsi ictimaiyyətin hiddətinə səbəb olub, İdlib və Hələbdə bir çox yaşayış məntəqəsində etiraz aksiyaları keçirilib.