BAKI, 15 iyun. TELEQRAF
Slovakiyanın Baş naziri Robert Fiko Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması ideyasını dəstəklədiyini bildirib.
Teleqraf xəbər verir ki, Fiko bu barədə Hindistanın Baş naziri Narendra Modi ilə keçirdiyi görüşdən sonra təşkil olunan brifinqdə danışıb.
"Slovakiya hökuməti BMT islahatlarının tərəfdarıdır. Biz qəti şəkildə inanırıq ki, Hindistan kimi ölkələr BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmalıdır”, - deyə o vurğulayıb.
Slovakiyanın Baş naziri qeyd edib ki, tərəflər iki ölkə arasında əməkdaşlığın strateji səviyyəyə yüksəldilməsi barədə razılığa gəlib:
“Bu gün cənab Baş nazirlə Slovakiya və Hindistan arasında əməkdaşlığın strateji adlandırıla biləcək bir səviyyəyə qaldırılması barədə razılıq əldə etdik. Slovakiya Hindistanla rəqəmsal texnologiyalar, hərbi-sənaye kompleksi və nüvə enerjisi sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır".
Baş nazir əlavə edib ki, Slovakiya dinc nüvə enerjisinin inkişafı sahəsində mühüm təcrübəyə malikdir və bu təcrübəni Hindistanla bölüşməyə hazırdır.