
TBİLİSİ, 22 fevral. TELEQRAF
Ötən gecə Gürcüstanın Qori bələdiyyəsinin Variani kəndində avtomobilin SOCAR-ın qaz kəmərinə çırpılması nəticəsində 14 kəndin 5 min abunəçisi qazsız qalıb.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Qori bələdiyyəsinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə “SOCAR Georgia Gas” şirkəti qəzanın fəsadlarının aradan qaldırılması üçün işlərə başlayıb.
“Bu gün ərzində əlverişsiz hava şəraiti yaranmazsa, bütün kəndlərə təbii qazın verilişinin bərpa ediləcəyi gözlənilir”, - məlumatda deyilir.
Qeyd edək ki, “SOCAR Georgia Gas” şirkətinin əsas fəaliyyət istiqamətləri təbii qazın təchizatı və paylanması, əhalinin mavi yanacaqla təminatı və qazpaylayıcı şəbəkələrin tikintisi, bərpası və istismarından ibarətdir.