Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazıb. Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq Heydər Əliyevin xüsusi xidməti sayılır. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, ümummilli liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi: “O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Ulu öndərin böyük siyasi təcrübəsi və diplomatik ustalığı çox keçmədən ATƏT-in Lissabon sammitində milli maraqlarımız baxımından tarixi uğura çevrildi. ATƏT ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və bununla “DQR”-in tanınması, o cümlədən Ermənistanın özü tərəfindən tanınması üçün İrəvanın aparmış olduğu və sonrada aparmaq istədiyi siyasətin qarşısı alındı.

Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Öz doğma yurdlarından zorla qovulmuş qaçqın və məcburi köçkünlərin həyat tərzini yaxşılaşdırmaq üçün bir sıra mühüm layihələr həyata keçirdi. Beynəlxalq təşkilatları ölkəmizə cəlb edərək, Azərbaycanla bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırırdı. İndi dünya analitiklərinin böyük önəm verdiyi milli mədəniyyətin yayılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Xüsusilə o dövrdə “sovet ideologiyası” nın əsas olduğu bir zamanda, Heydər Əliyev “milli ideologiyanın”, “azərbaycançılığın” formalaşması istiqamətində iş aparırdı. Bu isə müstəqil dövlət qurmaq üçün mühüm amil idi”.

Professor hesab edir ki, ulu Öndər Heydər Əliyev qadın probleminin həllinin sistemli şəkildə dövlət səviyyəsinə qaldırmağa nail oldu:

“O, istər müstəqillikdən əvvəl, istərsə də müstəqillikdən sonrakı dövrdə qadınların cəmiyyətdə aktiv fəaliyyət göstərməsi üçün bütün imkanları yaradıb. 90-cı illərin ortalarından başlayaraq, ölkədə yaranan sosial və iqtisadi sabitlik qadın məsələlərinin inkişafına yenidən təkan verdi. Qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı.

Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi" barədə Konvensiyasına qoşulub. Qanunvericilik bazası təkmilləşdirilərək bir sıra qanunlar qəbul olundu. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Ailə Məcəlləsi və Mülki Məcəlləsində qadınların işləmək, iqtisadi, yaşamaq və mülkiyyət sahəsində yeni hüquqları öz əksini tapdı. Onun 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi isə görülən işlərin zirvə nöqtəsi oldu. Bununla qadınlara əlavə səlahiyyət verildi, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu yaradıldı. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu gün Azərbaycanda qadın hərəkatının liderlərindən biri kimi, dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir”.

Hicran Hüseynova ötən ilin 15 iyununda imzalanan tarixi Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə birliyinin yeni mərhələsi hesab edildiyini söyləyib:

“15 iyun Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. 29 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan bir il bundan əvvəl imzalanan Şuşa Bəyannaməsinin müstəsna siyasi, iqtisadi, hərbi, elmi, mənəvi və tarixi əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır.

İlk növbədə bu sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirərək yeni bir mərhələnin əsasını qoydu. Digər tərəfdən Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda belə bir sənədin imzalanması xüsusi rəmzi məna daşıdı.

Tarixi Qələbə ilə başa çatmış 44 günlük ikinci Qarabağ müharibəsindən sonra Cənubu Qafqazda yaranmış yeni reallıqlar fonunda imzalanmış bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi. Şuşa Bəyannaməsi hər iki ölkənin parlamentində ratifikasiyasa edilib.

Hazırda Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında - Şuşada, Ağdamda, Hadrutda, Füzulidə və s. Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da dalğalanır. Türkiyə şirkətləri işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulmasında yaxından iştirak edir. Şuşa Bəyannaməsinin imzalanmasından və ratifikasiyasından sonra Azərbaycan-Türkiyə münasibətləri mənəvi məsələdən hüquqi müstəviyə keçdi. Bu baxımdan Azərbaycan Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti, həyata keçirdikləri siyasət iki qardaş dövlət üçün deyil, həm də Türk Dünyası, region və dünya üçün tarixi hadisədir.

Həmin sənəddə diqqəti cəlb edən məsələlərdən biri də beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşmasıdır. Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. Şuşa Bəyannaməsi əsasında qurulan əməkdaşlıq, müttəfiqlik getdikcə daha da inkişaf edəcək, addım-adım növbəti uğurlara nail olacaqdır.

Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan”da hər iki liderin Şuşa Bəyannaməsinə istinad etmələri, birlik, qardaşlıq mesajları vermələri bu fikirləri bir daha sübut edir. Bu mənada Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını, birliyini bütün dünyaya bildirən bir mesajdır".