BAKI, 11 iyun. TELEQRAF

Ermənistandakı parlament seçkiləri son illərin ən vacib siyasi hadisələrindən biri kimi yalnız hakimiyyətin daxili konfiqurasiyasını deyil, həm də ölkənin gələcək geosiyasi istiqamətini müəyyənləşdirib. Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu hakim “Vətəndaş Müqaviləsi” partiyasının formal qələbəsinə baxmayaraq, nəticələr əvvəlkindən daha mürəkkəb siyasi mənzərəni ortaya qoyub.

Səslərin 49,81%-ni toplayan hakim partiya parlament üzərində nəzarəti saxlaya və təkbaşına hökumətin formalaşdırılmasını təmin edə bilsə də, konstitusion çoxluğu qazanmağı bacarmadı ki, bu da onun gələcəkdə əsas siyasi təşəbbüsləri həyata keçirmək qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bundan əlavə, seçki prosesi zamanı baş verən çoxsaylı pozuntular, paytaxtdakı əksər seçki məntəqələrində səslərin yenidən hesablanması və “Çiçəklənən Ermənistan” partiyasına etimadla bağlı olduqca mübahisəli vəziyyət seçkilərin nəticələrinin şəffaflığına və etibarlılığına şübhə yaradıb. Bu seçkilər xüsusilə Ermənistan-Azərbaycan sülh prosesi, konstitusiya islahatı məsələsi və Rusiya ilə Qərb arasında Ermənistanda təsir uğrunda davam edən geosiyasi rəqabət kontekstində maraq doğurur.

Hakim partiyanın texniki qələbəsi

Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin rəsmi məlumatlarına görə, səslərin 49,81%-ni toplamış “Vətəndaş Müqaviləsi” partiyası formal olaraq icra hakimiyyəti üzərində nəzarəti saxlamağa və təkbaşına yeni hökumət formalaşdırmağa imkan qazanıb.

Lakin bu uğur daha çox texniki qələbə kimi qiymətləndirilə bilər. Belə ki, hakim partiyanın parlamentdə sadə çoxluğu 4%-lik seçki həddini keçə bilməyən partiyaların topladığı səslərin qanunvericilik orqanında təmsil olunacaq partiyalar arasında bölüşdürülməsi yolu ilə qazanılıb. Nəticədə, hakim partiya parlamentdə 64 mandat alır ki, bu da sadə çoxluq üçün yetərli olsa da, konstitusion çoxluq tələb edən qərarların müstəqil şəkildə qəbuluna imkan imkan vermir.

Beləliklə, hakimiyyəti əldə saxlamasına baxmayaraq, Paşinyan hökuməti ölkədə konstitusiya islahatlarının taleyini təkbaşına müəyyənləşdirmək və əlavə müttəfiqlər olmadan fundamental siyasi islahatlar həyata keçirmək potensialını itirir. Bu mənada, seçkilərdən əvvəl hakim partiyanın konstitusiya islahatlarını reallaşdırmaq üçün parlamentdə çoxluğa malik olmasına baxmayaraq, daxili siyasi gərginliyi əsas gətirərək bu prosesi müxtəlif bəhanələrlə təxirə salması bir sıra pərdəarxası müəmmalardan xəbər verir. Çünki bu gün belə ehtiyatlılıq artıq ciddi siyasi məhdudiyyətlərlə şərtləndiriləcək.

“Çiçəklənən Ermənistan” və səslərin təkrar sayılması

Seçkilərdən sonra ən çox müzakirə olunan mövzulardan biri oliqarx Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasının göstərdiyi nəticələrdir.

İlkin hesabalamalara görə, 3,996% səs toplayan bu partiya məhdudiyyət həddini keçmək üçün tələb olunandan cəmi 0,004% az (təxminən 59 səs) seçicinin etimadını qazanıb. Belə minimal fərq təbii olaraq həm partiyanın özündə, həm də ölkə ictimaiyyətində ciddi suallar doğurub.

Müxalifət qüvvələrinin şikayətlərindən sonra MSK İrəvanın demək olar ki, bütün seçki məntəqələrində səslərin genişmiqyaslı yenidən sayılması qərarına gəlib. Nəticələrin yenidən baxılmasının əlavə səbəbi elektron sayma sisteminə məlumatların daxil edilməsi prosesində texniki səhvlərin aşkarlanması olub.

Əgər yenidən sayımdan sonra “Çiçəklənən Ermənistan” partiyası tələb olunan 4% həddini aşsa, parlamentdə beş yer alacaq. Bu halda, “Vətəndaş Müqaviləsi” partiyasının təmsilçiliyi 64 mandatdan 60-a enəcək ki, bu da hakim partiyanın mövqeyini daha da zəiflədəcək.

Genişmiqyaslı yenidən saymaya zərurət yaranmasının özü seçki prosesinin keyfiyyəti ilə bağlı ciddi suallar doğurur və seçkinin yekun nəticələrinə ictimai şübhələri artırır.

Rusiya amili və İrəvana təsir uğrunda mübarizə

Bu seçkilər bir daha xarici aktorların Ermənistandakı daxili siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərməkdə davam etiyini göstərdi. Son illərdə İrəvanla Moskva arasında münasibətlərdə nəzərəçarpacaq dərəcədə soyuqluğun müşahidə olunmasına baxmayaraq, Rusiya Ermənistanın siyasi sistemi üzərində hələ də əhəmiyyətli dərəcədə təsir gücünə malikdir.

Səslərin genişmiqyaslı yenidən sayma qərarının təkcə daxili siyasi qüvvələrin yox, həm də Moskvanın pərdəarxası təzyiqi nəticəsində qəbul edildiyi istisna deyil. Rusiya üçün Ermənistan parlamentində Kremllə sıx əlaqələrin saxlanması çox vacibdir. Bu kontekstdə ənənəvi olaraq Ermənistanda Rusiya ilə ən çox dostluq edən siyasi qüvvələrdən biri sayılan Qaqik Tsarukyanın partiyası ətrafında yaşanan proses ən bariz nümunələrdən biridir.

Lakin Moskvanın seçkilərdə əsas uğuru kimi rusiyayönlü konkret bir partiyanın parlamentdə yer alması yox, Paşinyan komandasının parlamentdə konstitusiya çoxluğunu itirməsidir. Bu, Ermənistan rəhbərliyinin Avropa İttifaqına (Aİ) inteqrasiyanın potensial perspektivlərini və ABŞ ilə strateji əməkdaşlığın inkişafı da daxil olmaqla genişmiqyaslı xarici siyasət layihələrini həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Seçki pozuntuları və beynəlxalq aktorların selektiv siyasəti

Seçki kampaniyası zamanı və seçki günü çoxsaylı pozuntular barədə çoxsaylı şikayətlərin daxil olması onun nəticələri barədə rəsmi məlumatlara inamsızlığı da xeyli gücləndirib.

Bir çox müşahidəçilərin və dövlət qurumlarının məlumatına görə, yüzlərlə müxtəlif növ pozuntu qeydə alınıb. Prokurorluq dörd yüzdən çox şikayət alıb. Yüzlərlə cinayət işi açılıb və onlarla seçki iştirakçısı saxlanılıb və həbs edilib.

Ən çox yayılmış pozuntular arasında seçicilərin səslərinin rüşvətlə alınması, səsvermənin gizliliyinin pozulması, inzibati resurslardan istifadə, dövlət sektoru işçilərinin təşviqat tədbirlərində məcburi iştirakı, seçici siyahılarının manipulyasiyası, “karusel” sistemindən istifadə yolu ilə təkrar səsvermə, partiya nümayəndələrinin seçki məntəqələrində olması, səslərin sayılması zamanı elektrik enerjisinin kəsilməsi, müxalifət nümayəndələrinə təzyiq kimi faktlar yer alıb.

Xüsusi narahatlıq doğuran məqam müxalif siyasi qüvvələrin yüzlərlə nümayəndəsinin saxlanılması, axtarışlar və onların siyasi fəaliyyətinə məhdudiyyətlər barədə açıqlanan məlumatlardır. Bu fonda beynəlxalq təşkilatların və Qərb müşahidəçilərinin susqunluğu ən azı təəccüb doğurur. Nə Avropa strukturları, nə də əksər beynəlxalq qurumlar seçkilərin təşkilində və keçirlməsində kütləvi pozuntulara heç bir reaksiya verməyib.

Maraqlıdır ki, birmənalı şəkildə Rusiyanın xüsusi mövqeyindən asılı olan MDB müşahidə missiyasının rəhbərliyi də səsvermənin nəticələrinə təsir göstərə biləcək pozuntuların baş vermədiyini iddia edib.

Belə yanaşma demokratik proseslərin qiymətləndirilməsində ikili standartlar siyasətini açıq-aşkar sərgiləyir. Bu isə, demokratik və şəffaf seçkilər prinsiplərinin geosiyasi məqsədəuyğunluq siyasətinin girovuna çevrildiyini sübut edir.

Halbuki, Antoninlər sülaləsindən olan Roma imperatoru Mark Avrelinin məşhur müdrik ifadəsinə görə, insan mövcud şəraitə görə yox, təbiətən dürüst və ədalətli olmalıdır.

Konstitusiya islahatı Sülh prosesinin əsas tələbidir

Ermənistandakı parlament seçkilərinin ən vacib nəticələrindən biri də konstitusiya islahatının perspektivlərinin taleyinə aydınlıq gətirilməsidir.

Son illərdə Azərbaycan Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları barədə müddəaların onun Konstitusiyasından çıxarılması zərurətini daim vurğulayır. Rəsmi Bakı konstitusiya islahatını hərtərəfli sülh müqaviləsinin imzalanması üçün əsas şərt kimi dəyərləndirir.

Lakin Ermənistan parlamentinin hazırkı konfiqurasiyası bu vəzifənin həyata keçirilməsini xeyli çətinləşdirir. Çünki konstitusiya islahatları və ölkənin yeni ali qanununun qəbulu barədə ümumxalq referendumunun keçirilməsi üçün zəruri olan qərarın verilməsi hakim partiyanın seçkilərdə qazana bilmədiyi konstitusion çoxluq tələb edir.

Yeni konstitusiyanın hazırlanması prosesində davam edən gecikmələr vəziyyəti daha mürəkkəbləşdirir. Ermənistanın ədliyyə naziri Srbui Qalyan yeni konstitusiya layihəsinin müddəalarının müzakirəsi və təsdiqlənməsi zərurəti səbəbindən onun yekun mətninin yaxın gələcəkdə dərc edilməsinin mümkün olmadığını bildirib.

Əslində, Ermənistan rəhbərliyi lazımi parlament resurslarının olmamasını bəhanə gətirərək konstitusiya islahatı prosesini təxirə salmaq üçün əlavə bir arqument qazanıb. Bəzi erməni ekspertləri isə, belə reallıq fonunda sülh sazişinin Ermənistanda yeni Konsitusiya qəbul olunmadan da imzalana bilməsini iddia edirlər.

Lakin yaranmış vəziyyət və belə yanaşma Azərbaycanla sülh müqaviləsinin imzalanması perspektivlərini çətinləşdirir. Ərazi iddialarının konstitusiya səviyyəsində həllinin iki ölkə arasında münasibətlərin uzunmüddətli tənzimlənməsinin vacib elementi olduğunu rəsmi Bakı dəfələrlə Ermənistanın və onun xarici havadarlarının diqqətinə çatdırıb.

Rusiya ilə Qərb arasında qalan Ermənistan

Hazırkı seçkilərin digər bir xüsusiyyəti Ermənistanın geosiyasi qeyri-müəyyənliyinin daha da dərinləşməsi oldu. Son illərdə baş verən hadisələrdən sonra Ermənistan rəhbərliyi Qərblə əməkdaşlığı genişləndirməyə və Rusiyadan asılılığını azaltmağa çalışır. Lakin seçkilərin nəticələri göstərir ki, bu proses Ermənistan üçün heç də asan olmayacaq.

Bir tərəfdən Aİ və ABŞ ilə əlaqələri fəal şəkildə inkişaf etdirən Ermənistan, digər tərəfdən, Kollektiv Ttəhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır və Rusiyadan asılılığına son qoya bilmir.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın KTMT və Aİİ çərçivəsində öhdəlikləri ilə bağlı son açıqlamaları göstərir ki, Moskva Ermənistan rəhbərliyinin hərəkətlərini diqqətlə izləyir və onun xarici siyasət kursunu dəyişdirmək üçün göstərdiyi istənilən cəhdə cavab verməyə hazırdır.

Nəticədə, Ermənistan olduqca çətin vəziyyətlə üzləşir. Rusiya ilə münasibətləri saxlamaqla yanaşı, Qərblə əməkdaşlığı inkişaf etdirmək və üstəlik Azərbaycanla sülh prosesini irəli aparmaq cəhdi son dərəcə incə siyasi tarazlıq tələb edir. Başqa sözlə desək, seçkilərə qədər iki stulda oturmağa çalışan Ermənistan, indi üçüncü stulun, yəni Azərbaycanla sülh prosesi çərçivəsində oturmağa çalışdığı stulun da möhkəmliyini təmin etməlidir. Əks halda Paşinyan hökuməti “qaş qayırdığı yerdə gözünü də vurub tökən” korafəhim adamı xatırladacaq.

Bu baxımdan, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament seçkilərindəki taktiki uğuru mahiyyət etibarilə Pirr qələbəsini xatırladır. Çünki hakimiyyətini qoruyub saxlamış Paşinyan komandası eyni zamanda həm ölkənin daxili inkişafına, həm də gələcək xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək yeni sınaqlarla qarşılaşır.

Sahil İsgəndərov, politoloq