BAKI, 8 iyun. TELEQRAF

“Ermənistanda başa çatan parlament seçkilərinin əsas xüsusiyyətlərindən biri ondan ibarət oldu ki, səsvermənin sırf daxili siyasi xarakter daşımasına baxmayaraq, Azərbaycan amili faktiki olaraq seçki gündəliyinin əsas mövzularından birinə çevrildi. Demək olar ki, bütün aparıcı siyasi qüvvələr öz proqramlarını və seçkiqabağı çıxışlarını Bakı ilə sülh münasibətlərinin qurulması, dövlət sərhədinin delimitasiyası, regional kommunikasiyaların açılması və Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi məsələləri üzərində formalaşdırmışdılar. Bu, Ermənistanın siyasi həyatında baş verən fundamental dəyişikliklərin göstəricisidir”.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat xatırladıb ki, hələ bir neçə il əvvəl Ermənistan siyasi elitası Azərbaycanı əsasən Qarabağ münaqişəsi prizmasından qiymətləndirirdisə, bu gün Bakı ilə münasibətlər ölkənin daxili siyasi gündəmini müəyyən edən əsas amillərdən birinə çevrilib: "Bu fakt özlüyündə Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra regionda formalaşmış yeni geosiyasi reallığın mühüm göstəricisidir. Diqqət çəkən digər məqam isə ondan ibarətdir ki, müxalifətin, xüsusilə də “Güclü Ermənistan” blokunun ənənəvi revanşist ritorikadan geniş şəkildə istifadə etməsinə baxmayaraq, erməni seçicilərinin əksəriyyəti qarşıdurma siyasətinə qayıdışı təşviq edən qüvvələrə dəstək vermədi. Bu, cəmiyyətdə radikal meyillərin tamamilə aradan qalxdığı anlamına gəlmir. Lakin seçkilərin nəticələri göstərdi ki, Ermənistan vətəndaşlarının böyük hissəsi ölkənin gələcəyini yeni hərbi avantüralarda deyil, sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunmasında görür".

Millət vəkilinin sözlərinə görə, seçki kampaniyasını yalnız keçmişə dair şüarlar üzərində qurmaq artıq siyasi uğur qazandırmır: “Səsvermənin nəticələri erməni cəmiyyətinin Cənubi Qafqazda formalaşan yeni geosiyasi arxitekturaya tədricən uyğunlaşdığını göstərən mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər. Azərbaycan baxımından seçkilərin nəticələri ilk növbədə danışıqlar prosesində siyasi varisliyin qorunması baxımından əhəmiyyətlidir. Nikol Paşinyanın rəhbərlik etdiyi hakim siyasi qüvvənin qələbəsi son illərdə əldə olunmuş razılaşmaların və formalaşmış diplomatik mexanizmlərin saxlanılacağını göstərir. Bu isə sülh gündəliyinin irəlilədilməsi, yekun sülh sazişinin parametrlərinin müzakirəsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması və regionda yeni əməkdaşlıq modelinin formalaşdırılması üçün daha əlverişli şərait yaradır.

Bununla belə, seçkilərin Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyinə və regional təhlükəsizliyə təsirini qiymətləndirərkən nəzərə almaq lazımdır ki, səsvermə normallaşma prosesinin qarşısında mövcud olan bütün maneələri avtomatik şəkildə aradan qaldırmır. Ermənistan cəmiyyətində hələ də dərin daxili ziddiyyətlər qalmaqdadır və bəzi siyasi qruplar anti-Azərbaycan ritorikasından daxili siyasi mübarizə aləti kimi istifadə etməyə davam edəcəklər. Məhz buna görə də Bakı üçün seçkilərin əsas nəticəsi konkret siyasi qüvvənin qələbəsindən daha çox, sülh prosesinin davam etdirilməsi üçün mövcud imkanların qorunub saxlanılmasıdır”.

“Ümumilikdə, seçki kampaniyasının əsas qalibi regional siyasətdə praqmatik yanaşma oldu. Ermənistan seçiciləri nümayiş etdirdilər ki, bu gün sabitlik, iqtisadi inkişaf və proqnozlaşdırıla bilən gələcək tələbi revanşist çağırışlardan daha güclüdür. Bu isə Cənubi Qafqazın uzunmüddətli qarşıdurma mərhələsindən tədricən təhlükəsiz əməkdaşlıq və iqtisadi qarşılıqlı asılılıq mərhələsinə keçməsi üçün real zəmin yaradır”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.