BAKI, 11 iyun. TELEQRAF
Balıqçılıq və akvakultura sahəsində 1998-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi nəzərdə tutulur. Yeni “Balıqçılıq haqqında” qanun rəqəmsallaşmanın genişləndirilməsi, qeydiyyat və uçotun sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və idarəetmənin təkmilləşdirilməsini təmin edəcək.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, eyni zamanda nəzarətin gücləndirilməsi ilə su bioresurslarının qorunması və qanunsuz ovçuluğun qarşısının alınması təmin olunacaq.
O qeyd edib ki, bitkiçilik sektorunda toxumçuluq sahəsində islahatlar nəzərdə tutulur:
“Toxumçuluq haqqında” qanunun beynəlxalq standartlara uyğun yenilənməsi planlaşdırılır. Yeni çərçivə sertifikatlaşdırma və toxum təsnifatını, elektron xidmətlərin genişləndirilməsini və özəl sektorun elit toxum istehsalında iştirakını təmin edəcək. Eyni zamanda toxumların emalı və idxalına nəzarət gücləndiriləcək, keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq”.
Nazir vurğulayıb ki, Dövlət Proqramının əsas istiqamətlərindən biri torpaq ehtiyatlarının səmərəli istifadəsidir. Bu məqsədlə kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması və torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Qanunvericilik dəyişiklikləri ilə hüquqi və institusional baza yaradılacaq, torpaqların birləşdirilməsi və səmərəli istifadəsi təmin ediləcək. Pilot layihələrin nəticələrinə əsasən bu təcrübə genişləndiriləcək, torpaq istifadəsinin səmərəliliyi və istehsal xərclərinin azaldılması dəstəklənəcək”.