BAKI, 11 iyun. TELEQRAF
Hindistanın Azərbaycandakı səfiri Abhay Kumarın ölkəmizin cənub regionuna - Lənkəran və Lerik rayonlarına səfəri baş tutub.
Teleqraf xəbər verir ki, səfərin əsas məqsədi Hindistan və Azərbaycan arasında mədəniyyət, səhiyyə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Diplomat Lənkəranda ilk olaraq Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib. Muzeyin direktoru Leyla Məcidova ilə görüşən diplomat bölgənin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olub.
Daha sonra səfir "Yenee Wellness Center" sağlamlıq mərkəzində olub. Mərkəzin baş həkimi Emil Hidayətli ilə keçirilən görüşdə Azərbaycanda ayurveda, yoqa və holistik sağlamlıq təcrübələrinin tətbiqi imkanları müzakirə edilib. E.Hidayətli Beynəlxalq Yoqa Günü ərəfəsində yoqanın sağlamlıq üçün faydalarını vurğulayaraq, cəmiyyəti sağlam həyat tərzinə dəvət edib.
Səfər çərçivəsində A.Kumar çay plantasiyasında da olub. Təsərrüfatın rəhbəri Araz Yaqubovla görüşən səfir bölgənin qədim çayçılıq ənənələri və müasir becərmə üsulları haqqında məlumat alıb. Hindistan və Azərbaycanın ortaq çay mədəniyyətinə malik olduğunu qeyd edən diplomat bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Regionun təbii gözəlliklərini də qiymətləndirən səfir Hirkan Milli Parkını və Xanbulan gölünü ziyarət edib. O, təbiət və sağlam həyat tərzi arasındakı vəhdəti əks etdirən video paylaşıb.
Səfərin sonuncu ünvanı Lerik rayonu olub. Diplomat burada dünyada analoqu az olan Uzunömürlülər Muzeyini ziyarət edib. Muzeyin baş kuratoru Mətanət Quliyeva səfirə Lerikin "Uzunömürlülər diyarı" kimi şöhrəti və muzeyin unikal eksponatları barədə ətraflı məlumat verib.
Səfər Hindistan və Azərbaycan arasında insanlararası əlaqələrin, habelə dayanıqlı kənd təsərrüfatı və ekoturizm sahələrindəki əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayıb. Abhay Kumar bölgədə ona göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkür edib və iki ölkə arasında əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.