BAKI, 10 iyun. TELEQRAF

Azərbaycanda müxtəlif formalarda təzahür edən ideoloji təhdidlərə qarşı həm dövlət, həm də vətəndaş cəmiyyəti tərəfindən sistemli tədbirlər həyata keçirilir. Bu təhlükələrə qarşı ayıq-sayıq olmaq, milli-mənəvi dəyərlərə bağlılıq və sağlam informasiya savadlılığı cəmiyyətin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Hibrid müharibə, ənənəvi hərbi metodları əvəzləyən kiberhücumlar, informasiya manipulyasiyası, iqtisadi təzyiq və sosial sabitliyi pozmağa yönəlmiş qeyri-qanuni üsulların kombinasiyası olduğundan ondan müdafiə də xüsusi bilik, bacarıq və fəallıq tələb edir. Klassik müharibədə düşmən mövqelərinin harada yerləşdiyini, hansı silahlardan istifadə olunduğunu, hücumun hansı istiqamətdən ediləcəyini öncədən müəyyən etmək o qədər də çətin olmur. Hibrid müharibədə isə təhdidlərin mənbəyini, formasını, həyata keçirilmə üsullarını və onun vurduğu zərəri aradan qaldırmaq olduqca çətindir.

Bu mənada hibrid müharibəyə qarşı milli kadrların hazırlanması olduqca vacibdir. Çünki mürəkkəb mühitdə milli təhlükəsizliyi təmin etmək üçün müasir dövrün tələblərinə cavab verən, kibertəhlükəsizliyin sirlərini mənimsəmiş bacarıqlı kadrların yetişdirilməsi strateji əhəmiyyət kəsb edir.

Milli kadr hazırlığının əsas istiqamətləri

Hibrid müharibə şəraitində kadr hazırlığının əsas istiqamətləri aşağıdakı kimi təsnifləndirilir.

1) Kibertəhlükəsizlik və İT mütəxəssisləri: Kritiki infrastrukturlara (enerji, rabitə, maliyyə) edilən kiberhücumların qarşısını ala biləcək yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi.

2) İnformasiya və psixoloji basqılara qarşı mütəxəssislər: Dezinformasiya, "feyk nyus" və sosial şəbəkələr vasitəsilə aparılan psixoloji təzyiqləri analiz edə və onlara qarşı əks-tədbirlər görə bilən kadrlar.

3) Analitik və strateji planlaşdırma: Hibrid təhdidləri əvvəlcədən proqnozlaşdıran, təhlil edən və dövlət qurumlarına çevik qərarlar qəbul etməyə kömək edən analitiklər.Hüquq və Diplomatik Kadrlar: Beynəlxalq hüquq çərçivəsində hibrid təcavüzə qarşı effektiv mübarizə apara bilən mütəxəssislər.

(Bax: https://ncsc.gov.az/news-page?tag=CII&index=4)

Milli kadrların hazırlanmasında əsas məqsəd dövlət idarəetməsində sabitliyin təmin edilməsi və cəmiyyətin mümkün təhlükəli informasiya, psixoloji basqılardan qorumaqdır. Dövlət aparatının funksionallığını saxlamaq, ictimai rəyin mühafizəsi, əhalinin manipulyasiyaya qarşı dayanıqlılığını artırmaq hibrid hücumlar zamanı qarşıda quran əsas vəzifələrdəndir. Müstəqil xarici və daxili siyasi kursu təhdidlərdən qorumaq üçün dövlətin bütün sahələrində dayanıqlılığın təmin etmək vacibdir. Bu kimi vəzifələrin öhdəsindən isə dövlətçilik prinsiplərinə sadiq qalan, ölkəmizin ideoloji mühitini nəzərə alan, dünyəvilik, müasirlik təfəkkürünü özündə birləşdirən milli kadrlar gələ bilər. Məhz belə olan halda ölkəmiz radikalizmdən, xurafatdan qoruna bilər.

Milli kibermərkəzin yaradılması

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında Qərar qəbul edib.

(https://xalqqazeti.az/az/nazirler-kabinetinin-qerarlari/133246-azerbaycan-respublikasi-nazirler-kabinetinin-qerari)
Qərara əsasən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsində səlahiyyətli orqandır. Dövlət orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, dövlətə məxsus olan hüquqi şəxslərin, iri sahibkarlıq subyektlərinin kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin edilməsinə nəzarəti Milli kibermərkəz qismində DTX-nin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi həyata keçirir.
Milli Kibermərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır.

Kritik informasiya infrastrukturu obyektinin müəyyən edilməsi ilə bağlı təkliflər hazırlamaq, kritik informasiya infrastrukturu obyektlərinin reyestrini aparmaq və idarə etmək;

Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinə real vaxt rejimində mərkəzləşmiş nəzarəti həyata keçirmək, əldə olunmuş məlumatları mərkəzləşmiş qeydiyyata almaq və təhlil etmək;

Dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə riayət edilməsinin yoxlanılmasına dair səlahiyyətli orqanın təsdiq etdiyi planı Reyestrdə yerləşdirmək, kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə riayət olunmasını yoxlamaq;

Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyini təmin olunması vəziyyətinə nəzarət etmək, təhlükəsizliyin pozulmasına səbəb ola bilən ciddi nöqsanlar aşkar edildikdə, zəruri tədbirlərin görülməsi üçün səlahiyyətli orqanın rəhbərliyi qarşısında məsələ qaldırmaq;

Kritik informasiya infrastrukturu obyektlərinə qarşı yönəlmiş kibertəhdidlər, kiberhücumlar, habelə kiberinsidentlər barədə məlumatları toplamaq, kiberinsidentlərə qarşı cavab tədbirləri görmək, tədqiqatlar aparmaq və əldə olunmuş nəticələri səlahiyyətli orqanın rəhbərliyinə təqdim etmək.

Kibertəhdidlərə qarşı mübarizəyə, kiberhücumlara, həmçinin kiberinsidentlərə qarşı cavab tədbirlərinin (adekvat reaksiyanın) həyata keçirilməsinə dəstək vermək, bu tədbirləri təşkil etmək və nəticələrini nəzarətdə saxlamaq;

Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyində boşluqların, zəifliklərin və digər uyğunsuzluqların olubolmamasının müəyyən olunması məqsədilə təsdiq edilmiş illik və (və ya) cari planlar üzrə müdaxilə sınaqlarını həyata keçirmək;

Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin olunması üçün kritik informasiya infrastrukturu subyektinə təşkilati dəstək göstərmək;

Kritik informasiya infrastrukturu obyektlərinə qarşı yönəlmiş kibertəhdid və kiberhücumların qarşısının alınmasına, nəticələrinin aradan qaldırılmasına dair tövsiyələr vermək;

Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi ilə bağlı tələbləri pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;

Səlahiyyətli orqanın kritik informasiya infrastrukturunun təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığı çərçivəsində xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla məlumat mübadiləsi həyata keçirmək.

Milli Strategiyada nəzərdə tutulan kadr hazırlığı

Göründüyü kimi, DTX-nin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin çoxşaxəli fəaliyyəti nəticəsində həm də kibertəhdidlərin, hibrid müharibələrin qarşısı alınır.

“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda müvafiq sahə üzrə kadr hazırlığının və informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələrin müvafiq kadrlarla təminatının gücləndirilməsi nəzərdə tutulub. (https://e-qanun.az/framework/55045)

Sənəddə həmçinin təhsil müəssisələri ilə dövlət və özəl sektor arasında informasiya təhlükəsizliyi üzrə kadr hazırlığına dair əməkdaşlığın genişləndirilməsinin təşkili, milli kadr ehtiyatının tükənməzliyi və mühafizəsi, ölkə xaricinə “beyin axını”nın qarşısının alınması da öz əksini tapıb.

Qeyd olunur ki, bu Strategiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində aparılan elmi tədqiqat və layihə-təcrübə işlərinin keyfiyyəti yüksəldiləcək, müvafiq sahələrdə kadr hazırlığı, kadrların təkmilləşdirilməsi və ixtisaslaşmış struktur bölmələrin keyfiyyətli kadrlarla təminatı təmin ediləcəkdir.
Sonda bir daha qeyd etmək lazımdır ki, hibrid təhdidlərə qarşı effektiv mübarizə aparmaq, qarşıya qoyulan məqsədlərə çatmaq üçün müasir dövrün tələblərinə cavab verən informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı kadrların hazırlanması vacibdir. Kibertəhlükəsizlik və kibercinayətkarlıqla mübarizə sahəsində data və proqram mühəndisləri, rəqəmsal hüquqşünaslar, kriminalistlər, kriptoqrafların yetişdirilməsi böyük əhəmiyyət daşıyır. Ən əsası cəmiyyətin kibertəhlükəsizlik mədəniyyətinin formalaşması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi risklərin azaldılmasında böyük rol oynaya bilər.

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan əleyhinə hibrid müharibəyə qarşı əhalinin sayıqlılığının artırılması” layihəsi çərçivəsində hazırlanıb.

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.