BAKI, 11 iyun. TELEQRAF

Bildiyimiz kimi, kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahələrdən biridir. 2025-ci ildə aqrar sektor ölkənin ümumi daxili məhsulunun 5,9 faizini, qeyri-neft ümumi daxili məhsulunun isə 8,3 faizini formalaşdırıb.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O qeyd edib ki, mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı müşavirəsində yeni, konkret və qısamüddətli proqramın hazırlanmasının zəruriliyi vurğulanıb. Çıxışda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxalın azaldılması, yerli istehsalın artırılması, infrastrukturun inkişafı və investorların bu sahəyə cəlbi ilə bağlı tapşırıqlar verilib.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” 2022-ci il 22 iyul tarixli Sərəncamla təsdiq edilmiş Strategiyaya uyğun hazırlanıb.

Nazir bildirib ki, Dövlət Proqramının uğuru yalnız maliyyə və institusional dəstək deyil, həm də müasir çağırışlara uyğun hüquqi bazanın formalaşdırılması ilə bağlıdır. Bu səbəbdən qarşıdakı dövrdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində mühüm normativ-hüquqi təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur:

“İlk növbədə, aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi üçün “Aqrar sahə haqqında” yeni qanunun hazırlanması nəzərdə tutulur. Bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların vahid qanunla təsbitini, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını formalaşdıracaqdır. Eyni zamanda aqrar terminologiyanın unifikasiyasına və iqlim dəyişiklikləri, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əksinə şərait yaradacaq”.