BAKI, 11 iyun. TELEQRAF

Fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün “Məhsul şəhadətnaməsi haqqında” qanunun qəbulu nəzərdə tutulur. Bu mexanizm anbar məhsullarının qiymətli aktiv kimi rəsmiləşdirilməsinə və girov kimi istifadəsinə imkan verəcəkdir. Nəticədə fermerlərin dövriyyə kapitalına çıxışı asanlaşacaq, maliyyə bazarları ilə əlaqələr güclənəcək və investisiya imkanları genişlənəcəkdir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan normativ-hüquqi islahatlar aqrar sektorun idarə edilməsinin təkmilləşdirilməsinə, rəqabətqabiliyyətliliyinin artırılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və kənd təsərrüfatının müasir inkişaf çağırışlarına uyğun şəkildə transformasiyasına mühüm töhfə verəcək.