Cənubi Qafqazda yeni siyasi durum formalaşıb. Bölgədə sülhün, təhlükəsizliyin təminatı üçün artıq heç bir problem qalmayıb. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq özünün ərazi bütövlüyünü təmin edib. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıq regionda dövlətlər arasında əməkdaşlıq üçün imkanlar açıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanın regionda baş verən proseslər müstəvisində atdığı addımlar məhz sülh və əməkdaşlığı genişləndirməyə hesablanıb:
“Vətən müharibəsindən sonra Azərbaycan dərhal Ermənistanla sülh müqaviləsi imzalamaq, sərhədlərin dəqiqləşməsinə başlamaqla bağlı çağırış etdi. Məhz bu amilin ölkəmizin müharibə dövrünü bağladığını, yeni bir dönəm üçün münasibətlərə hazır olduğunu bəyan edir. Amma Ermənistanın qeyri-konstruktivliyi ucbatından hələ ki, bu məsələdə ciddi uğurlar əldə edilməyib”.
Millət vəkili hesab edir ki, Rusiya Ukrayna müharibəsi fonunda bölgədə baş verənlər Azərbaycanın siyasi müstəvidə nə qədər düzgün bir strategiya sərgilədiyini təsdiqləmiş olur:
“Çünki dövlətin mənafeyni qorumaq onun təhlükəsizliyini təmin etmək və qlobal müstəvidə ölkənin mövqeyini bəyan etmək məhz düzgün siyasətin nəticəsində mümkün olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanı bölgədə təhlükəsizlik adasına çevirib”.
Aqil Məmmədov Azərbaycanın qardaş Türkiyə ilə bir sıra qlobal məsələlərdə və regional proseslərdə birlikdə hərəkət etməsi, vasitəçilik missiyası ilə çıxış etməsi də diqqətdən kənarda qala bilməz:
“Bu amil iki qardaş ölkənin strateji hədəflərini nümayiş etdirir. Şuşa Bəyannaməsinin imzalanması və hər iki ölkənin qanunverici orqanı tərəfindən təsdiqlənməsi dövlətlərin yeni müstəvidə hərəkətlərini özündə ehtiva edir. Azərbaycanın və Türkiyənin bu gün sərgilədiyi mövqe məhz ondan ibarətdir ki, bölgədə sülh və əməkdaşlıq olsun. Dövlətlər arasında münasibətlət daha çox inkişaf etsin. Bunun nəticəsində də inkişaf, tərəqqi, əməkdaşlıq formalaşsın.”