BAKI, 18 noyabr. TELEQRAF

Azərbaycan ABŞ-nin kənd təsərrüfatı texnikası istehsalçısı olan “John Deere” şirkəti ilə strateji tərəfdaşlıq sazişi hazırlayır.

Teleqraf Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Məcnun Məmmədov deyib.

Məlumata görə, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Birləşmiş Ştatlara səfəri çərçivəsində Vaşinqtonda ABŞ Ticarət Palatasında ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinin iştirakı ilə hibrid formatda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan və ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları, müasir texnologiyaların və süni intellektin aqrar sektorda tətbiqi müzakirə olunub.

Nazir bildirib ki, “John Deere” şirkəti ilə nəzərdə tutulan əməkdaşlıq yalnız kənd təsərrüfatı texnikasını deyil, həm də müasir texnologiyaların tətbiqini və bütün dəyər zəncirini əhatə edəcək. Məcnun Məmmədov bu tərəfdaşlığın Azərbaycan hökuməti ilə ABŞ şirkətləri arasında əməkdaşlıq nümunəsinə çevrilə biləcəyini, Azərbaycanın aqrar sektorun digər istiqamətləri üzrə də analoji əməkdaşlığa açıq olduğunu qeyd edib.