QAX, 23 iyun. TELEQRAF

Məhsuldarlığı maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir. Burada əsas məqsəd yalnız əkin sahələrinin və heyvan baş sayının artırılması deyil, mövcud torpaq və su resurslarından, damazlıq və yem bazasından daha səmərəli istifadə etməklə hər hektardan və hər heyvandan daha çox və daha keyfiyyətli məhsul əldə etməkdir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Qax rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Onun sözlərinə görə, Dövlət Proqramının əsas məqsədi aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, kadr təminatının gücləndirilməsi, innovasiya və rəqəmsallaşmanın inkişaf etdirilməsidir:

"Bu proqram 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Bu isə onu göstərir ki, sənəd yalnız ümumi yanaşma deyil, konkret hədəflərə, konkret icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanan kompleks inkişaf proqramıdır. Həmçinin Dövlət Proqramı kompleksliliyi həmçinin dəyər zənciri üzrə bütün həlqələri, həm aqrar istehsal, emal və loqistika zənciri üzrə hədəf və tədbirləri əhatə etməsi ilə də səciyyəvidir".

Zaur Əliyev deyib ki, Dövlət Proqramında bir neçə fundamental istiqamət xüsusi olaraq müəyyən edilib: "Bunlara intensiv bağ sahələrinin artırılması, buğda məhsuldarlığının yüksəldilməsi, müasir suvarma sahələrinin genişləndirilməsi, aqropark və istixana fəaliyyətinin genişləndirilməsi, kiçik şərabçılıq təsərrüfatlarının formalaşdırılması, intensiv heyvandarlıq təsərrüfatlarının artırılması daxildir.

Bununla yanaşı, proqram yalnız istehsal və emal istiqamətlərini deyil, həm də dəstəkləyici tədbirləri əhatə edir. Qanunvericilik təşəbbüsləri, institusional islahatlar və rəqəmsallaşma bu proqramın mühüm dayaqlarıdır. “Aqrar sahə haqqında”, “Toxumçuluq haqqında”, “Balıqçılıq haqqında” qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya qaydalarına və kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Eyni zamanda “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin yaradılması, DAİM-lərin regional əsasda idarəetməyə keçidi, aqrar süni intellekt sisteminin genişləndirilməsi, EKTİS-in data yönümlü alt sistemlərinin inkişafı sahənin daha çevik və məlumat əsaslı idarə olunmasına xidmət edəcək.
Bu gün artıq aqrar siyasət yalnız sahədə görülən işlərlə məhdudlaşmır. Bizim qərarlarımız məlumatlara, xəritələrə, elektron sistemlərə, peyk müşahidələrinə, torpaq və su balansına, real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır. Ona görə də rəqəmsallaşma fermer üçün də, dövlət üçün də vacib alətə çevrilir".