GƏNCƏ, 23 iyul. TELEQRAF

Gəncə şəhərində bıçaqlanan iki qardaşın vəziyyəti ilə bağlı TƏBİB açıqlama yayıb.

Teleqraf-a TƏBİB-dən verilən məlumata görə, 23.07.2025-ci tarixində saat 01:30 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlara budun açıq və döş qəfəsinin digər şöbələrinin açıq yaraları diaqnozu təyin olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

09:42

Gəncə şəhərində iki qardaşın bıçaqlanması ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Vüqar və Dilsuz Qazıyev qardaşlarını bıçaqlamaqda 2001-ci il təvəllüdlü Fərid Qurbanov şübhəli bilinir.

Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən F.Qurbanov Dilsuz Qazıyevin keçmiş qaynıdır. Hadisə isə şəhərin Gülüstan qəsəbəsindəki, istirahət parkının yaxınlığında baş verib.

****

01:34

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü Vüqar Qazıyev və qardaşı 1999-cu il təvəllüdlü Dilsuz Qazıyev bıçaq yarası ilə xəstəxanaya gətiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Hadisənin Gülüstan qəsəbəsində baş verdiyi ehtimal olunur.

Hadisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.