BAKI, 15 sentyabr. TELEQRAF
İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün köç karvanı ilə yenidən qurulan Kəlbəcər şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
Teleqraf xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb. Kəlbəcərə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
***
07:02
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb.
Doğma yurda qayıdan Kəlbəcər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.