XANKƏNDİ, 18 fevral. TELEQRAF

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi 2024-cü il üzrə maliyyə hesabatlarını və müstəqil auditor rəyini açıqlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 2024-cü ilin hesabatında qeyd olunur ki, müəssisənin maliyyə hesabatları Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühasibat Uçotu Standartlarına uyğun hazırlanıb və auditorlar tərəfindən müsbət rəy verilib.

Maliyyə nəticələrinə əsasən, müəssisənin ümumi aktivləri 31 dekabr 2024-cü il tarixinə 25,6 milyon manat təşkil edib. Cari aktivlərin əsas hissəsi pul vəsaitləri və onların ekvivalentləri olub və bu göstərici 14,8 milyon manata çatıb.

2024-cü ilin aprel-dekabr dövründə müəssisənin gəlirləri dövlət subsidiyaları və sahibkarlıq fəaliyyətindən formalaşıb. Ümumi gəlirlər 9,4 milyon manat olub. Əməliyyat xərcləri çıxıldıqdan sonra müəssisə 3,5 milyon manat vergiöncəsi mənfəət əldə edib. Mənfəət vergisindən sonra xalis mənfəət isə 3,17 milyon manat təşkil edib.

Kapital strukturunda dövlət büdcəsindən köçürmələr hesabına 9,5 milyon manatlıq ehtiyatlar formalaşıb. Nizamnamə kapitalı 500 min manat olaraq qeyd edilib.

Müstəqil auditorların rəyinə görə, maliyyə hesabatları müəssisənin maliyyə vəziyyətini bütün əhəmiyyətli aspektlərdə düzgün və ədalətli şəkildə əks etdirir.

Qeyd edək ki, müəssisənin başlanğıc tarixi 1 aprel 2024-cü il olub.