CƏBRAYIL, 2 aprel. TELEQRAF
2016-cı ilin Aprel döyüşlərində azad olunan Lələtəpə yüksəkliyi bu gün də həm Cocuq Mərcanlı sakinləri, həm də bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyır.
Kənd sakini Zamin Həziyev Teleqraf-ın Qarabağ bürosuna bildirib ki, bu ərazi onlar üçün müqəddəs sayılır.
Lələtəpə həm 1994-cü il döyüşlərində, həm də 2016-cı ilin Aprel döyüşlərində şəhidlərin qanı ilə suvarılıb: “Bu torpaq bizim üçün müqəddəsdir. Burada şəhidlərimiz olub və biz bunu heç vaxt unutmuruq.”
Zamin Həziyev qeyd edir ki, Aprel döyüşlərində əldə olunan qələbə Qarabağın azadlığına gedən yolun başlanğıcı oldu. Lələtəpənin azad olunmasından sonra Cocuq Mərcanlı kəndində həyat yenidən bərpa edildi.
Onun sözlərinə görə, ilkin mərhələdə kənddə 50 fərdi yaşayış evi tikilib, daha sonra isə əlavə olaraq 100 ev inşa olunub. Eyni zamanda, Şuşa məscidinin oxşarı, klub, icma mərkəzi, poçt binası və digər zəruri infrastruktur obyektləri istifadəyə verilib.
Kənd sakini bildirir ki, həmin dövrdə Azərbaycan Prezidentinin kəndə səfəri və verdiyi mesaj xalqda böyük ruh yüksəkliyi yaradıb: “Cənab Prezident açılışda iştirak etdi və Lələtəpəyə səfər edərək düşmənə açıq mesaj verdi ki, torpaqlarımızdan geri çəkilsinlər.”
Bu çağırışdan sonra Azərbaycan Ordusunun gücü 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi və torpaqlar işğaldan azad olundu.
Hazırda Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Sakinlər kənd təsərrüfatı ilə məşğul olur, uşaqlar məktəbdə təhsil alır, müəllimlər isə öz fəaliyyətlərini davam etdirirlər.
Zamin Həziyevin sözlərinə görə, bu gün kənd özünün ən gözəl günlərini yaşayır və Aprel döyüşləri bu inkişafın əsasını qoyan mühüm mərhələ kimi yadda qalır.