QARABAĞ, 12 sentyabr. TELEQRAF
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda növbəti Bal Festivalı keçirilib.
Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, açılış mərasimində Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcər sakinlərinin işğal dövründə yaşadığı ağır günlərdən danışıb.
O qeyd edib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Kəlbəcər yenidən qurulur və dirçəldilir.
Daha sonra Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev festivalın əhəmiyyətindən danışıb.
O, tədbirin gələcəkdə də ənənəvi şəkildə keçirilməsinin Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi potensialının tanıdılmasına töhfə verəcəyini bildirib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə Azərbaycanda arıçılığın böyük potensiala malik olduğunu vurğulayıb.
O, Azərbaycan balının beynəlxalq səviyyədə tanıdılmasının əsas hədəflərdən biri olduğunu qeyd edib.
Tədbir konsert proqramı ilə davam edib.