ŞUŞA, 21 iyun. TELEQRAF
Şuşaya səfər çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri şəhərin tarixi və mədəni abidələri ilə tanış olublar.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar ilk olaraq XVIII əsrə aid tarixi Mehmandarovların malikanə kompleksini ziyarət ediblər. Onlara kompleksin tarixi, memarlıq üslubu və Şuşa şəhərinin mədəni irsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, malikanə kompleksi Azərbaycanın zəngin memarlıq ənənələrinin nadir nümunələrindən biri kimi bu gün də öz əhəmiyyətini qoruyub saxlayır.
Daha sonra diplomatik nümayəndələr məşhur Cıdır düzünə yollanıblar. Onlar bu ərazidə təbiətin gözəlliyinə tamaşa edib, Cıdır düzünün Qarabağın simvolik məkanlarından biri olması və xalqımızın tarixində tutduğu yer barədə məlumatlandırılıblar.
Qeyd edək ki, səfər çərçivəsində nümayəndələr azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə də yaxından tanış olurlar. Məqsəd yerində real vəziyyəti görmək və bölgədəki inkişafla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.
Səfərin növbəti mərhələsində diplomatik nümayəndələr Ağdama gedəcəklər. Onlar burada da işğaldan sonra aparılan bərpa və yenidənqurma işləri, həmçinin dağıntılarla yerində tanış olacaqlar.
***
10:51
Diplomatik korpus nümayəndələri Bülbülün ev-muzeyində olublar.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqları burada Polad Bülbüloğlu qarşılayıb. O muzey barədə nümayəndələri məlumatlandırıb.
Burada qonaqlara Bülbülün ermənilər tərəfindən güllələnən büstü, həmçinin yenidən ucaldılan abidə göstərilib.
***
10:30
Şuşada səfərdə olan diplomatik korpus nümayəndələri “Şirin su” hamamında olublar.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, onlara hamamın tarixi haqqında məlumat verilib.
Daha sonra qonaqlar Qarabağ küçəsi və Merdinli məhəlləsini gəziblər.
Burada da qonaqlar küçənin tarixi və yeni binaların tikilişi, bərpası ilə bağlı məlumatlandırılıblar.
Qonaqların yüksəklikdən Aşağı Gövhər Ağa məscidini də görmək imkanı olub.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri təşkil olunub. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.
***
10:06
Diplomatik korpus nümayəndələri Şuşada bəstəkar, musiqişünas-alim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin ev-muzeyində olublar.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova qonaqlara ev-muzeyi haqqında ətraflı məlumat verib.
Qonaqlara həmçinin 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal edilməzdən 10 gün əvvəl mezeyin əməkdaşı (direktoru) tərəfindən muzeyin bağından götürülən bir ovuc torpağın hekayəsi danışılıb.
Xatırladaq ki, muzey 1959-cu ildən 1992-ci ilə qədər fəaliyyət göstərib. 1992-ci ildə Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra muzey öz fəaliyyətini dayandırıb, eksponatları talanıb və muzeyin binası dağıdılıb. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-nı qorumaq mümkün olub.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri təşkil olunub. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.
***
09:55
Laçın səfərini başa vuran diplomatik korpus nümayəndələrinin artıq Şuşaya səfəri başlayıb.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri təşkil olunub. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.