Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla əlaqələrin tənzimlənməsinə dair Moskvanın təklif etdiyi sənədi imzalamağa hazır olduğu bəyanatını şərh edib.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi İrəvanın ziddiyyətli açıqlamalar verdiyini bildirib.
“Eyni məsələ ilə bağlı İrəvanın rəsmi bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir. Ermənistan baş naziri həm Rusiyanın təkliflərindən, həm də Qərbin təşviq etdiyi münaqişənin hansısa “sistemli həlli”ndən danışır”, - Zaxarova qeyd edib.
XİN sözçüsü Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığı Almatı bəyannaməsinə də toxunub:
“2022-ci ilin oktyabrında Praqada keçirilən sammitdən sonra verilən bəyanatda təsdiqlənən Bakı ilə sülh müqaviləsinin hazırlanmasında İrəvanın 1991-ci il Almatı bəyannaməsinə əsaslanmağa razı olması danışıqlar prosesinin məntiqini kökündən dəyişdi. Almatı bəyannaməsi Sovet İttifaqı respublikaları arasında mövcud sərhədlərin toxunulmazlığını təsdiq edir. O zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində idi. Təbii ki, Bakı ilə İrəvan arasında sülh prosesində bu halı gözardı etmək çox çətindir.
Onu da xatırlatmaq istərdik ki, 2022-ci il dekabrın 23-də Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi ilə bağlı görüşü nəzərdə tutulmuşdu. İki ölkə buna razılıq vermişdi. Görüşü keçirmək üçün hər şey hazır idi. Amma Ermənistan rəhbərliyinin özü son anda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın səfərini ləğv etdi. Təkcə sülh müqaviləsinin deyil, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı digər mühüm məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu.
Əgər erməni tərəfdaşlarımız həqiqətən də ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmaların həyata keçirilməsi yolu ilə qeyd olunan problemlərin həllində maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaqdansa, birgə işi davam etdirmək lazımdır. Rusiya tərəfinin Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar üçün platforma təmin etmək təklifi qüvvədə qalır”.