BAKI, 21 avqust. TELEQRAF

XX əsrdə Konqo, Ruanda və Burundidə Belçikanın müstəmləkəçilik siyasəti nəticəsində həyatını itirən insanları heç bir kompensasiya və ya təzminat geri qaytara bilməz.

Teleqraf xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, 50 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də təzminat, kompensasiya və ədalət məsələləri müzakirə edilir:

"Bu tədbirdə müstəmləkəçilik dövrünə görə kompensasiya məsələsi müzakirə olunur. Mənim fikrimcə, təzminat yalnız həmin dövrdə yaşanan əzablara görə maliyyə kompensasiyasından ibarət olmamalıdır”.

A. Abbasov vurğulayıb ki, reparasiya yalnız keçmişdə yaşanan əzablara görə maliyyə kompensasiyası ilə məhdudlaşmamalıdır:

"Reparasiya müstəmləkəçiliyin uzunmüddətli mirasının və həmin siyasətlərin yaratdığı, bu günədək davam edən problemlərin aradan qaldırılmasına da xidmət etməlidir".