BAKI, 21 avqust. TELEQRAF
Reparasiya yalnız maliyyə ödənişi demək deyil.
Teleqraf xəbər verir ki, bunu KDR Milli Assambleyasının deputatı C-b. Francis Tshibalabala Mukunay Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, reparasiya ilk növbədə törədilmiş ədalətsizliklərin tanınması, onların nəticələrinin aradan qaldırılması və bu cür halların bir daha təkrarlanmamasının təmin edilməsidir.
“Reparasiya üzrxahlıq və törədilmiş ədalətsizliklərin, çəkilən əzabların rəsmi şəkildə tanınması ilə başlaya bilər. Bununla yanaşı, Konqo Demokratik Respublikasında, Belçikada və digər ölkələrdə müstəmləkəçilik tarixinin bütün mürəkkəbliyi ilə, heç bir təhrif və ya mühüm məqamın kənarda qoyulmasına yol verilmədən tədris edilməsi vacibdir. Beləliklə, gələcək nəsillər bu tarixi düzgün öyrənsinlər.
Reparasiya həmçinin Belçika ilə Konqo Demokratik Respublikası arasında keçmişin yaratdığı komplekslərdən azad, bərabərlik və qarşılıqlı hörmətə əsaslanan yeni münasibətlərin qurulmasına imkan verməlidir. Konqo xalqı tarixin silinməsini deyil, onun olduğu kimi tanınmasını və öyrədilməsini istəyir. Üzləşməkdən imtina etdiyimiz tarix xalqlar arasındakı münasibətlərə təsir etmək üçün hər zaman geri qayıdacaq. Əksinə, tanınan, öyrədilən və qəbul edilən tarix yeni münasibətlərin başlanğıc nöqtəsinə çevrilə bilər”.
O vurğulayıb ki, reparasiya çərçivəsində sənət əsərlərinin və mədəni sərvətlərin restitusiya yolu ilə qaytarılması, eləcə də arxivlərin və insan qalıqlarının mənşə ölkəsinə geri gətirilməsi də təmin edilməlidir:
“Vətənlərindən uzaqda qalan qəhrəmanlarımızın və bacı-qardaşlarımızın nəşləri ləyaqətli şəkildə dəfn edilməlidir”.