AĞDAM, 25 dekabr.TELEQRAF

Gələn ilin ilk günlərində Xocavənd şəhərinə və Xocavənd kəndinə köç planlaşdırırıq. Bununla bağlı artıq hazırlıq işləri gedir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu gün Ağdam şəhərinə köçürülən ailələrlə görüşündə bildirib.

E.Hüseynov həmçinin qeyd edib ki, Ağdamda dördüncü və beşinci yaşayış məhəlləsi tikilməkdədir: "Eyni zamanda yaxın vaxtda üçüncü məhəllənin tikintisinə başlayacağıq. Gələn ilin ortalarında da birinci məhəllənin tikintisinə başlanılacaq. Hazırda ən çox yaşayış Füzuli şəhərindədir, amma Ağdam şəhəri bir azdan önə keçəcək. Ağdam şəhərinin bu günü bizim hamımızı qürurlandırır və ümid edirik ki, şəhər əhalisi sürətlə artacaq və Ağdam şəhəri köhnə şan-şöhrətini geri qaytaracaq. Gələn ilin ilk günlərində Xocavənd şəhərinə köç planlaşdırırıq”.