BAKI, 21 avqust. TELEQRAF

Biz Azərbaycanı bu regionda nəqliyyat, infrastruktur, maliyyə və məlumatlar (data) üzrə təbii bir mərkəz kimi görürük.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında deyib.

Səfir bildirib ki, BP bazara daxil olandan bəri otuz ildir ki, enerji Azərbaycanla olan münasibətlərimizin əsasını təşkil edir:

“Biz bu mirasla fəxr edirik. Birləşmiş Krallığın təmiz enerji sektoruna investisiya qoyması və Azərbaycanın bərpa olunan enerji potensialından istifadə etməsi üçün enerji keçidini dəstəkləmək məqsədilə sıx əməkdaşlıq edirik. Enerjidən başqa, Britaniya şirkətləri bir sıra digər sahələrdə də fəaliyyət göstərir.

Təhsil münasibətlərimizin ən güclü sütunlarından biridir. Bu il də Birləşmiş Krallıq Azərbaycanın dövlət proqramı çərçivəsində xaricdə təhsil alan gəncləri üçün ən çox üstünlük verilən ölkə olmağa davam etdi: tələbələrin 61%-i Britaniya universitetlərində təhsil almağı seçməklə dünya standartlarında təhsilimizdən faydalandı”.

D.Norman əlavə edib ki, Birləşmiş Krallıq hökuməti tərəfindən maliyyələşdirilən “Chevening” Proqramı bu əlaqələri daha da gücləndirir və hazırda Proqrama müraciət etmək mümkündür:

“Biz müsbət dəyişiklikləri həyata keçirmək iddiası olan istedadlı Azərbaycan vətəndaşlarını müraciət etməyə təşviq edirik. Yeni təhsil və elm tərəfdaşlıqlarını inkişaf etdirməklə, süni intellekt və rəqəmsal transformasiyaya investisiya qoymaqla, eləcə də hər iki ölkədə gələcək üçün bacarıqlar və iş yerləri yaratmaqla bu əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik. Bərabərlik və inklüzivlik davamlı artım üçün həyati önəm kəsb edir, buna görə də hökumət və yerli tərəfdaşlarla birlikdə qadınların iqtisadi baxımdan səlahiyyətləndirilməsini dəstəkləməyə davam edirik”.