LAÇIN, 21 avqust. TELEQRAF
Birinci Qarabağ müharibəsində şəhid olan Cümşüd Məmmədov Laçın şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Cümşüd Məmmədov 34 il əvvəl – 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb. Onun meyit qalıqları işğaldan sonra rayonun Sultanlar kəndi ərazisində aşkar edilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri və media əməkdaşları iştirak ediblər.
***
10:41
Birinci Qarabağ müharibəsində şəhid olan Cümşüd Məmmədovla vida mərasimi keçirilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 34 il itkin şəhid kimi qeydiyyatda olan Laçın rayon sakini Cümşüd Məmmədovun nəşinin qalıqları müəyyənləşdirilərək ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində salınmış 552 saylı qəsəbədə, onun həyat yoldaşının yaşadığı ünvanda təşkil olunub.
Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri iştirak ediblər. Vida mərasimindən sonra Cümşüd Məmmədovun nəşi dəfn olunmaq üçün Laçın şəhərinə yola salınıb.
Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. O, ailəli olub, lakin övladı olmayıb.
Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb. Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları müəyyənləşdirilib.