BAKI, 21 avqust. TELEQRAF

"Sərhədlərin delimitasiyası, Azərbaycanın Ermənistana enerji təchizatı və sərhədlərarası “Sülh Körpüsü” təşəbbüsü də daxil olmaqla, bu praktik addımları alqışlayırıq"

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Azərbaycanın özü üçün də real fürsət anı yaranıb:

“Azərbaycan və Ermənistan hər iki tərəf arasında dialoq və davamlı qarşılıqlı əlaqəyə əsaslanan dayanıqlı sülhə doğru addımlar atırlar. Bu vəziyyət daha geniş regionda yeni ticarət, investisiya və bağlantı imkanlarını yaratmaq potensialına malikdir.

Cəmi iki həftə əvvəl Vaşinqton Zirvə Görüşünün birinci ildönümünü qeyd etdik. Sülhə doğru bu tarixi addımın atılmasında göstərilən siyasi liderliyi yüksək qiymətləndiririk. Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub. Nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin yenidən açılması Azərbaycan və Ermənistan arasında sülhün bütün regiona daha çox rifah və təhlükəsizlik gətirməsini təmin etməyə yardımçı ola bilər.

Birləşmiş Krallıq davamlı infrastruktur və daha əhatəli Orta Dəhliz üçün Britaniya təcrübəsi, investisiya və maliyyələşdirməsi də daxil olmaqla, layihənin praktik baxımdan tətbiqini dəstəkləməyə hazırdır.

Birləşmiş Krallıq və Azərbaycan arasında yaxın dostluq münasibətləri mövcuddur. Biz bir çox məsələlərdə birlikdə işləyirik və bir çox mövzuda eyni fikirləri bölüşürük. Bu dostluq münasibətlərini daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirəm”.