BAKI, 21 avqust. TELEQRAF

Hökumətlərimiz münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında deyib.

O bildirib ki, bu addım ortaq prioritetlər olan yeni iqtisadi artım imkanlarının yaradılması, təhlükəsizliyin gücləndirilməsi və innovasiyanın təşviqi sahələrində daha dərin əməkdaşlığı təmin edəcək:

“Birləşmiş Krallıq və Azərbaycan hər iki ölkənin xalqları üçün real faydaları təmin edən ortaq bir gələcək qururlar.

İqtisadi artımın təmin edilməsi Böyük Britaniya hökumətinin prioritetlərindən biridir. Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır. Biz ticarət, investisiya və regional bağlantılar sahəsində daha dərin əlaqələr quraraq iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyirik. Bu, gələcək nəsillər üçün sabit və çiçəklənən iqtisadi mühit yaradaraq, həm Britaniya, həm də Azərbaycan xalqına, eləcə də biznes müəssisələrinə fayda gətirəcək”.