BAKI, 21 avqust. TELEQRAF

Konqo xalqı tarix boyu ən çox təzyiqlərlə üzləşən xalqlardan biridir.

Teleqraf xəbər verir ki, bunu Milli İnsan Hüquqları Komissiyasının prezidenti Paul Nsapu Mukulu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, bu gün qarşıda duran əsas vəzifələrdən biri keçmiş ədalətsizliklərin nəticələrinin aradan qaldırılmasıdır.

"Bakı Təşəbbüs Qrupuna bu mövzuda təşəbbüs göstərdiyinə görə təşəkkür edirəm. Bu kimi təşəbbüslər yalnız tərəflərdən birinin maraqlarına xidmət edən deyil, hər iki tərəf üçün məqbul və davamlı həll yollarının müəyyənləşdirilməsinə imkan yarada bilər", - o vurğulayıb.

Onun sözlərinə görə, iinsan hüquqları institutları və bu məsələdə maraqlı olan digər tərəflər keçmişdə baş vermiş, müəyyən formalarda isə bu gün də davam edən ədalətsizliklərin aradan qaldırılması üçün konkret həll yolları üzərində işləməlidirlər:

"Müstəmləkəçilik məsələsinə yalnız tarixi hadisə kimi yanaşmaq düzgün deyil. Bu, eyni zamanda insan hüquqları məsələsidir".