BAKI, 21 avqust. TELEQRAF

Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyan Moskvadakı vəzifəsini davam etdirməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Joghovurd" qəzeti məlumat yayıb.

Məlumata görə, Nikol Paşinyan onu geri çağırmaq qərarına gəlib və hökumətdəki mənbələr bu qərarın dönməz olduğunu bildirir.

Arsenyanın yerinə kimin gələcəyi hələ də bəlli deyil. Hazırda hətta dəqiq bir namizəd belə yoxdur.

Nikol Paşinyan gərgin Ermənistan-Rusiya münasibətlərini normallaşdıra bilməyəcəyi üçün Arsenyanın işindən narazıdır. Bu arada, Paşinyanın özünün Vladimir Putinlə münasibətləri normallaşdıra bilməməsi faktdır. Bunun ən parlaq epizodlarından biri də Rusiya prezidentinin parlament seçkilərindən sonra Paşinyanı təbrik etməməsidir.

Qəzet Arsenyanın geri çağırılması ilə bağlı rəsmi izahat almağa çalışıb. Xarici İşlər Nazirliyi məsələnin onların səlahiyyətlərinə aid olmadığını bildirib və Prezident Administrasiyası ilə əlaqə saxlamağı tapşırıb. Prezident Administrasiyası məsələni hökumətə ünvanlamağı təklif edib. Baş nazirin sözçüsü isə sualı rəsmi olaraq cavablandırmayıb.

Lakin hökumət mənbələri iddia edir ki, Qurgen Arsenyanın geri çağırılması artıq dönməz bir reallıqdır. Moskvaya kimin göndəriləcəyi və səfirin dəyişdirilməsinin hələ Paşinyan-Putin səviyyəsində belə həll olunmayan siyasi problemi həll edib-etməyəcəyi hələlik məlum deyil.